






Hüquqinfo.az bildirir ki,
"PASHA Holding" MMC Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində qonaqpərvərlik və çoxfunksiyalı kommersiya daşınmaz əmlakı sahəsində yeni investisiya layihəsinə start verməyə hazırlaşır.
"Hüquqinfo.az" xəbər verir ki, bunu Gürcüstan İnvestisiya Agentliyinin baş direktoru Mixeil Xidureli Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.
Onun sözlərinə görə, yeni layihə Azərbaycan və Gürcüstan arasında investisiya əməkdaşlığının genişlənməsinin növbəti nümunəsi olacaq.
"Əgər 1990-cı illərdən etibarən Azərbaycanın Gürcüstana qoyduğu investisiyaların tarixinə baxsaq, birbaşa xarici investisiyaların ümumi həcmi 3,2 milyard ABŞ dolları təşkil edir. Bu, ölkələrimizin bir-biri ilə nə dərəcədə fəal ticarət etdiyini və Azərbaycanın Gürcüstana nə qədər vəsait yatırdığını göstərir. Xüsusilə də, burada Azərbaycanın ən böyük şirkətləri - SOCAR və "PASHA Holding" təmsil olunur. Çox yaxında biz yeni layihəni elan edəcəyik. "PASHA Holding" ilə birlikdə Tbilisinin mərkəzində qonaqpərvərlik və çoxfunksiyalı kommersiya daşınmaz əmlakı sahəsində yeni layihəyə başlanılır. Yəni bütün bunlar mövcud dinamikanı nümayiş etdirir", - M. Xidureli vurğulayıb.
O qeyd edib ki, Azərbaycan şirkətləri Gürcüstandakı xarici investorlar arasında əhəmiyyətli yer tutur, iki ölkə arasındakı əməkdaşlıq isə iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir.
M. Xidurelinin sözlərinə görə, yeni layihələrin həyata keçirilməsi Azərbaycan biznesinin Gürcüstan bazarına olan yüksək marağının qorunub saxlanmasından və ikitərəfli investisiya əməkdaşlığının daha da genişlənməsindən xəbər verir.









