
Hüquqinfo.az bildirir ki,
Azərbaycan Rusiyanın paytaxtı Moskvada keçirilən qiymətləndirmə, maliyyə, dövlət idarəçiliyi və rəqəmsal texnologiyaların inkişafına həsr olunmuş "Rəqəm və pul: texnologiyalar, aktivlər, maliyyə" adlı beynəlxalq konfransda təmsil olunub.
"Hüquqinfo.az" bu barədə Azərbaycan Qiymətləndiricilər Palatasına (AQP) istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər ölkələrdən dövlət qurumlarının, peşəkar təşkilatların, bankların və konsaltinq şirkətlərinin nümayəndələrinin qatıldığı tədbirdə süni intellektin qiymətləndirmədə tətbiqi, böyük verilənlər, rəqəmsal aktivlər, avtomatlaşdırılmış qiymətləndirmə və maliyyə sektorunun texnoloji transformasiyası kimi aktual mövzular ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Ölkəni AQP-nin sədri Nüsrət İbrahimov və sədr müavini Ayan Qəmbərova təmsil ediblər. Tədbir çərçivəsində çıxış edən N.İbrahimov Azərbaycanın qiymətləndirmə bazarında rəqəmsal ekosistemin formalaşdırılmasını nəzərdə tutan 2025-2030-cu illər strategiyasını diqqətə çatdırıb. Təqdimatın ana xəttini qiymətləndirmənin rəqəmsallaşdırılmasının yalnız yeni proqram təminatlarının tətbiqi ilə məhdudlaşmaması, məlumatların, metodologiyaların, qiymətləndirmə proseslərinin və keyfiyyətə nəzarət mexanizmlərinin vahid sistemdə birləşdirilməsi ideyası təşkil edib.
O qeyd edib ki, AQP-nin konseptual yanaşmasına əsasən, qiymətləndirmə prosesində xətaları hesabat hazırlandıqdan sonra aşkar etməkdənsə, onların əvvəlcədən qarşısını alan profilaktik modelin tətbiqi daha yüksək səmərəlilik vəd edir. Bu isə peşəkar təşkilatın yalnız nəzarətedici funksiyasını deyil, qiymətləndiricini etibarlı məlumat, daxili metodologiya, analitik alətlər və avtomatik yoxlama imkanları ilə təmin edən geniş əhatəli infrastruktura çevrilməsini şərtləndirir. Artıq Palatanın fəaliyyəti çərçivəsində qiymətləndiricilərin elektron reyestri, daşınmaz əmlak bazarının müxtəlif seqmentləri üzrə indekslər, tikinti və avtomobil nəqliyyatı göstəriciləri, zonalar üzrə düzəliş əmsalları, milli metodologiyalar və hesabat nümunələri formalaşdırılıb. Elektron sifariş mexanizminin yaradılması və dövlətin idarələrarası elektron sənəd dövriyyəsi sisteminə inteqrasiya olunması da sözügedən infrastrukturun təməl sütunlarındandır.
Təqdim olunan 2025-2030-cu illər strategiyasının əsasını altı qarşılıqlı əlaqəli platforma - qiymətləndiricinin rəqəmsal kabineti, məlumat platforması, keyfiyyətə nəzarət sistemi, bilik bazası, analitik monitorinq və inteqrasiya platforması təşkil edir. Məlumatın bir dəfə daxil edilərək sonrakı proseslərdə avtomatik istifadəsi prinsipi təkrarlanan əməliyyatları minimallaşdırmağa və məlumatları vahid standartlar üzrə idarə etməyə imkan verir. Strategiyanın əsas innovativ istiqamətlərindən biri olan "Ağıllı hesabat" sistemi ilkin parametrlər daxil edildikdən sonra hesabatın strukturunu avtomatik formalaşdırır. Bununla yanaşı, hesabatların standartlara uyğunluğunun avtomatik yoxlanılması mexanizmi çatışmayan bölmələri, hesablamalardakı uyuşmazlıqları və kifayət qədər əsaslandırılmayan düzəlişləri dərhal müəyyən edir. Bununla belə, avtomatlaşdırmanın qiymətləndiricinin peşəkar mühakiməsini əvəz etməməsi strategiyanın dəyişməz prinsipləri sırasındadır.
Strategiyada vahid məlumat platformasının və müqayisə analoqları bankının yaradılması xüsusi yer tutur. Bu sistem vasitəsilə mütəxəssislər obyektin ünvanını daxil etməklə müvafiq zona üzrə median qiymət, qiymət diapazonu, tipik satış müddəti, endirim səviyyəsi və bazarın son üç aylıq dinamikası barədə dəqiq analitik məlumatlar əldə edə biləcəklər. Eyni zamanda, risk əsaslı nəzarət mexanizmi vasitəsilə standart obyektlər üzrə avtomatik nəzarət, mürəkkəb işlər üzrə isə dərin ekspert baxışı tətbiq olunacaq.
Mərhələli şəkildə icra olunacaq yol xəritəsinə əsasən, 2027-ci ildə təməl infrastruktur və standartlaşdırma, 2028-ci ildə məlumat bazaları və keyfiyyətə nəzarət sistemi, 2029-cu ildə intellektual avtomatlaşdırma, 2030-cu ildə isə milli səviyyəli inteqrasiya mərhələləri reallaşdırılacaq. Yekun hədəflər sırasına standartlara uyğunluğun ən azı 95 %-ə çatdırılması, hesabatların hazırlanma müddətinin 30–40 % azaldılması, bütün hesabatların avtomatik yoxlamadan keçirilməsi və kritik uyğunsuzluqların 70 % azaldılması daxildir. Moskvada təqdim olunan bu yanaşma Azərbaycanda qiymətləndirmə sahəsində rəqəmsal transformasiyanın daha sistemli, ölçüləbilən və şəffaf bir modele keçdiyini nümayiş etdirir










