
Hüquqinfo.az bildirir ki,
Qara Dəniz Ticarət və İnkişaf Bankı (Black Sea Trade and Development Bank - BSTDB) bu ilin avqustun 31-i tarixinə Azərbaycanda ümumi məbləği 442,035 milyon avro olan 47 layihə üzrə saziş imzalayıb.
"Hüquqinfo.az" BSTDB-nin məlumatına istinadən xəbər verir ki, 42 əməliyyat çərçivəsində ödənilən vəsaitin faktiki həcmi 697,58 milyon avro təşkil edib.
Bununla yanaşı, BSTDB-nin Direktorlar Şurası avqustun sonunadək Azərbaycanda ümumi məbləği 444,488 milyon avro olan 45 əməliyyatı təsdiqləyib.
Bankın hesabatına əsasən, Azərbaycanda imzalanmış layihələr portfelinin əsas hissəsi (50,29 %) maliyyə, 35,23 %-i enerji, 6,92 %-i daşınmaz əmlak sektorunun, 3,91 %-i ilkin tələbat malları, 3,65 %-i isə dövri tələbat malları ilə bağlı layihələrin payına düşür.
BSTDB-nin Azərbaycandakı irimiqyaslı layihələri sırasına Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üçün 75 milyon ABŞ dolları məbləğində maliyyələşdirmə, "Bank Respublika"ya 25 milyon manatlıq kredit xətlərinin ayrılması, həmçinin "Unibank" vasitəsilə maliyyə sektoruna 7 milyon ABŞ dolları və "Azər Türk Bank" vasitəsilə 5 milyon ABŞ dolları məbləğində dəstəyin göstərilməsi daxildir.










