
Hüquqinfo.az bildirir ki,
Bakı Kommersiya Məhkəməsi “Ulu Göyçə” MMC-nin “NFCON” MMC-yə qarşı müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsini qismən təmin edib.
Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, məhkəmə sənədinə əsasən, hakim Kənan Hüseynovun sədrliyi ilə baxılan işdə iddiaçı 2 milyon 313 min 200 manatlıq tələb üzrə cavabdehin bank hesablarına və əmlakına həbs qoyulmasını istəyib.
Məhkəmənin daha əvvəlki qətnaməsi ilə “NFCON” MMC-dən 2 milyon 220 min 94 manat 77 qəpik əsas borc, 111 min manat cərimə, həmçinin dövlət rüsumu və hüquqi yardım xərclərinin tutulması qərara alınıb.
Məhkəmə hesab edib ki, borcun uzun müddət ödənilməməsi və qətnamənin hələ qanuni qüvvəyə minməməsi gələcəkdə onun icrasının çətinləşməsi riskini yaradır.
Nəticədə “NFCON” MMC-nin əmlakı üzərinə 2 milyon 313 min 200 manat həddində həbs qoyulub. Qərardadın dərhal icra edilməsi tapşırılıb.
Qeyd edək ki, nizamnamə kapitalı 100 manat təşkil edən “Ulu Göyçə” MMC-nin hüquqi ünvanı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Dəri Emalı Zavodu olaraq qeydiyyata alınıb. Şirkətin rəsmi sənədlərdə qanuni təmsilçisi isə tanınmış iş adamının oğlu Kamran Vasif oğlu İsmayılzadədir. Şirkət hündürmərtəbəli binaların tikintisini həyata keçirir.
“NFCON” MMC alternativ və yaşıl enerji sahəsində, xüsusilə günəş və külək elektrik stansiyalarının layihələndirilməsi və quraşdırılması istiqamətində fəaliyyət göstərən şirkətdir. “NFCON” MMC-nin bir neçə gün əvvəl qanuni təmsilçisi dəyişdirilərək Məmmədov Zülfüqar Əliağa oğlunun əvəzinə Məmmədova Fatimə Nəzir qızı təyin edilib.










