
Hüquqinfo.az bildirir ki,
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) yalnız tranzit yolundan tamhüquqlu iqtisadi dəhlizə çevrilməsi üçün tələb olunan prioritet əlavə investisiyaların məcmu həcmi 2040-cı ilə qədər olan dövrdə 30,5 milyard ABŞ dollarına çatır.
Bu barədə "Hüquqinfo.az" Dünya Bankının "İnteqrasiya: Transxəzər Nəqliyyat Marşrutu boyu yüksək səviyyəli ticarət logistikası" adlı hesabatına istinadən xəbər verir.
Qeyd olunan məbləğin təxminən 66 %-i (20,03 milyard ABŞ dolları) özəl sektordan cəlb edilə bilər. Tədqiqatın nəticələrinə görə, mümkün özəl kapital qoyuluşlarının strukturu aşağıdakı kimidir: ödənişli magistral yollar (xətti infrastruktur) – 53 %; logistika avadanlıqları və hərəkət heyəti – 26 %; qovşaq infrastrukturu (terminallar, logistik hablar, multimodal mərkəzlər) – 19 %; dəmir yolu xətləri – 1 %.
2040-cı ilə qədər əlavə investisiyalara ən çox ehtiyac Özbəkistanda (11,5 milyard ABŞ dolları), Qazaxıstanda (7,53 milyard ABŞ dolları) və Türkiyədə (3,78 milyard ABŞ dolları) qeydə alınıb.










