
Hüquqinfo.az bildirir ki,
Böyük Britaniya hökuməti ABŞ-ın dizel yanacağının ixracına mümkün qadağa tətbiq etməsi halında ölkənin bu məhdudiyyətdən kənarda qalması üçün məxfi şəkildə çalışır.
"Repor"t xəbər verir ki, bu barədə Bloomberg müzakirələrdən xəbərdar olan mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Baş nazir Endi Börnhəmin kabinetinin nümayəndələri son günlər amerikalı həmkarları ilə danışıqlar aparıblar.
Agentliyin yazdığına görə, mümkün məhdudiyyətlər Londonu narahat edir. Çünki Böyük Britaniya ABŞ dizelinin əsas idxalçıları sırasında yer alır. Bu yanacaq yük nəqliyyatında, kənd təsərrüfatı texnikasında və minik avtomobillərinin bir hissəsində istifadə olunur.
Avtomobil təşkilatı RAC-ın məlumatına görə, sentyabrın 28-də Böyük Britaniyada dizel yanacağının bir litrinin orta qiyməti rekord həddə – 199,18 pensə (1,99 funt sterlinq və ya 2,64 dollar) çatıb. Britaniyanın maliyyə naziri Con Hili bildirib ki, qiymətlərin artması vətəndaşlar və biznes üzərində təzyiqi artırır. O, Londonun Vaşinqtonla, o cümlədən ticarət məsələləri üzrə mütəmadi əlaqə saxladığını təsdiqləyib.
ABŞ Prezidenti Donald Trampın administrasiyası dizel yanacağının ixracına qısamüddətli mümkün qadağanın nəticələrini araşdırır. ABŞ prezidenti sentyabrın 27-də məhdudiyyətlərin tətbiqi ilə bağlı suala cavabında bu məsələni "çox ciddi şəkildə" nəzərdən keçirdiyini bildirib.
Ağ Ev noyabr ayında Konqresə keçiriləcək aralıq seçkiləri öncəsi yanacaq qiymətlərini nəzarətdə saxlamağa çalışır.









