








Hüquqinfo.az bildirir ki,
Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən qadın sahibkarların layihələrinin maliyyələşdirilməsinin ümumi həcmi 1,4 milyon manatdan çox təşkil edir.
"Hüquqinfo.az"un yerli bürosu xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Naxçıvan Qadın Sahibkarlar Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda fondun aktiv portfelində qadın sahibkarların 40 maliyyələşdirilmiş layihəsi yer alır: "Maliyyələşdirilən layihələrin 88 %-ə yaxını muxtar respublikanın rayonlarının payına düşüb".
Nazir qeyd edib ki, 2026-cı ilin 8 ayı ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilən layihələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 41 % artaraq 149-a çatıb: "Bu müsbət dinamika qadın sahibkarların layihələrində də özünü göstərir. Belə ki, 8 ayda 17 qadın sahibkarın layihəsinə ümumilikdə 700 min manata yaxın güzəştli kredit ayrılıb. Bu dövrdə fondun biznesə yönəltdiyi güzəştli kredit resurslarının 13,0 faizi qadın sahibkarların payına düşüb".
O hesab edir ki, bu rəqəm qaneətedici deyil: "Ona görə də fürsətdən istifadə edərək qadın sahibkarları daha fəal olmağa, yeni layihələr təqdim etməyə dəvət edirik".






