










Hüquqinfo.az bildirir ki,
Süni intellekt və gələcəyin texnologiyaları qlobal iqtisadiyyat üçün böyük dəstəkdir.
Hüquqinfo.az xəbər verir ki, bunu “Roubini Macro Associates” şirkətinin icraçı direktoru, iqtisadçı Nuriel Rubini Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) çıxışı zamanı deyib.
O bildirib ki, qlobal iqtisadiyyatın və maliyyə bazarlarının son dövrdə bir sıra böyük mənfi təklif şoklarına baxmayaraq, dayanıqlılıq göstərməsini əsasən iki amil izah edir: bazar intizamı və süni intellektlə bağlı texnoloji inkişafın yaratdığı imkanlar.
Rubininin sözlərinə görə, maliyyə bazarlarının reaksiyası hökumətləri qəbul etdikləri qərarların iqtisadi nəticələrini nəzərə almağa məcbur edir.
“İstər istiqraz, istər səhm, istər kredit, istərsə də neft bazarlarında investorlar siyasəti məhdudlaşdıran amildir. Siyasət rasional olmadıqda, onlar hətta ABŞ kimi güclü hökumətləri belə düzgün addımlar atmağa məcbur edirlər”, – Rubini vurğulayıb.
İqtisadçı ABŞ Prezidenti Donald Trampın ötən il tətbiq etdiyi tariflərin maliyyə bazarlarında yaratdığı reaksiyanı buna nümunə kimi göstərib. O qeyd edib ki, tariflərin artırılmasından sonra ABŞ fond bazarında ciddi eniş, istiqraz gəlirliliklərində artım və dolların zəifləməsi müşahidə olunub.
Rubini bildirib ki, yaranmış maliyyə təzyiqinin iqtisadi tənəzzülə gətirib çıxara biləcəyini nəzərə alan ABŞ administrasiyası sonradan tariflərin azaldılması istiqamətində addımlar atıb.
O, həmçinin süni intellekt və yeni texnologiyaların qlobal iqtisadiyyat üçün mühüm artım amilinə çevrildiyini deyib.
“Biz bəşər tarixinin ən böyük texnoloji innovasiya mərhələlərindən birinin ortasındayıq. Süni intellekt və gələcəyin texnologiyaları qlobal iqtisadiyyat üçün böyük dəstəkdir”, – Rubini bildirib. İqtisadçının fikrincə, süni intellektə yatırımlar yalnız ABŞ və Çinlə məhdudlaşmır. Bu texnologiyaların inkişafı üçün zəruri xammal və enerji təchizatında iştirak edən digər ölkələr də qlobal investisiya artımından faydalana bilər.
Rubini çıxışının sonunda süni intellekt və texnologiyalara yönələn kapital qoyuluşlarının qlobal xarakter daşıdığını və bunun dünya iqtisadiyyatının dayanıqlılığına töhfə verdiyini qeyd edib.









