
Hüquqinfo.az bildirir ki,
Bakıda oktyabrın 21-də VIII Avropa İttifaqı-Azərbaycan biznes forumu keçiriləcək və tədbirin əsas mövzusu "Dəhlizlərin birləşdirilməsi: qarşılıqlı əlaqə və infrastruktur" olacaq.
"Hüquqinfo.az" təşkilatçılara istinadən xəbər verir ki, bu il forumun keçirilməsi Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlığın 30 illiyinə, həmçinin 2016-cı ildə Bakıda analoji ilk biznes forumunun keçirilməsindən 10 il ötməsinə təsadüf edir.
Forumda dövlət qurumlarının, Avropa və Azərbaycan biznesinin, ticarət palatalarının, biznes assosiasiyalarının, beynəlxalq təşkilatların və digər müvafiq təşkilatların nümayəndələri iştirak edəcəklər.
Tədbirin proqramına ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsinə, investisiyaların cəlb edilməsinə, habelə infrastrukturun və nəqliyyat dəhlizlərinin inkişafına yönəlmiş yüksək səviyyəli müzakirələr, tematik sessiyalar və B2B görüşləri daxildir.
Forum çərçivəsində bu ilin yanvar-iyul aylarında Avropa şirkətləri arasında aparılmış sorğu əsasında hazırlanmış "Azərbaycanda Aİ-nin investisiya mühiti 2025–2026" adlı məruzənin əsas nəticələrinin təqdim ediləcəyi gözlənilir. Bundan əlavə, iştirakçılara "Azərbaycanda ticarət sektorunun inkişafı: siyasət, məhdudiyyətlər və imkanlar" adlı tədqiqat təqdim olunacaq.
Ötən onillik ərzində Aİ - Azərbaycan Biznes Forumu Avropa və Azərbaycanın işgüzar dairələri arasında tərəfdaşlıq əlaqələrinin inkişafına və yeni investisiya layihələrinin həyata keçirilməsinə kömək edən dialoq platformalarından birinə çevrilib.









