
Hüquqinfo.az bildirir ki,
Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos sabah Monteneqroya səfər edəcək.
"Hüquqinfo.az"un Balkan bürosu xəbər verir ki, səfər çərçivəsində Marta Kos Berlin Prosesi çərçivəsində keçiriləcək xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.
O, Qərbi Balkan ölkələrinin, Berlin Prosesində iştirak edən Avropa İttifaqına üzv dövlətlərin və Böyük Britaniyanın xarici işlər nazirləri, eləcə də digər maraqlı tərəflərlə birlikdə plenar sessiyada və panel müzakirələrində iştirak edəcək.
Görüş zamanı Qərbi Balkanların Avropa İttifaqına inteqrasiya istiqamətində əldə etdiyi irəliləyiş, regional münasibətlər, ümumi təhlükəsizlik və dayanıqlılıq məsələləri müzakirə olunacaq.
Tərəflər həmçinin Aİ-nin Qərbi Balkanlar üzrə Artım Planının həyata keçirilməsini, o cümlədən region ölkələrinin Aİ-nin Vahid Bazarına mərhələli inteqrasiyası və Ümumi Regional Bazarın yaradılması istiqamətində görülən işləri nəzərdən keçirəcəklər.
Berlin Prosesi Qərbi Balkan ölkələrinin (Albaniya, Bosniya və Herseqovina, Şimali Makedoniya, Monteneqro, Serbiya və Kosovo – Kosovo Azərbaycan tərəfindən müstəqil dövlət kimi tanınmayıb - red) Avropa İttifaqına (Aİ) inteqrasiyasını sürətləndirmək üçün 2014-cü ildə Almaniyanın təşəbbüsü ilə yaradılmış yüksək səviyyəli diplomatik platformadır.










