










Hüquqinfo.az bildirir ki,
"Avropa Mobillik Həftəsi" çərçivəsində Bakıda "Davamlı Şəhər Hərəkətliliyi: İctimai Nəqliyyat və Mikromobilliyin İnteqrasiyası" mövzusunda panel müzakirəsi keçirilib.
Bu barədə "Hüquqinfo.az"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Tədbirdə ictimai nəqliyyatın tənzimlənməsi, mikromobillik zolaqlarının genişləndirilməsi və piyada infrastrukturunun inkişafı məsələləri müzakirə edilib.
Tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndələri ekspertlərlə birgə müzakirələr aparıblar.
Panel müzakirəsinin ilk hissəsində nəqliyyat infrastrukturunda tətbiq olunan şəhərsalma və planlaşdırma standartları, avtomobillərdən asılılığın azaldılması, ictimai nəqliyyat və mikromobillik vasitələrindən istifadənin təşviqi ilə bağlı görülən işlərdən danışılıb.
Müzakirənin ikinci hissəsi mikromobilliyin inkişaf perspektivlərinə həsr olunub. Tədbirdə velosiped və skuter istifadəçilərinin təhlükəsizliyi, gənclər arasında mikromobillik mədəniyyətinin formalaşdırılması, sağlam həyat tərzinin təşviqi müzakirə edilib.
16–22 sentyabr tarixlərini əhatə edən "Avropa Mobillik Həftəsi" çərçivəsində AYNA tərəfindən şəhər mobilliyi, dayanıqlı nəqliyyat və alternativ hərəkətlilik imkanları ilə bağlı bir sıra maarifləndirici tədbirlər və təşəbbüslər həyata keçirilib.






