










Hüquqinfo.az bildirir ki,
2027-2030-cu illəri əhatə edəcək dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə dəmir filizi, mis, alüminium və qızıl istehsalının artırılması əsas istiqamətlər olacaq. "Daşkəsən", "Filizçay", "Dəmirli" və digər layihələrin inkişafı qarşıdakı dövrün əsas vəzifələrindəndir. Bu layihələr regionların iqtisadiyyatına və inkişafına da müsbət təsir göstərəcək.
Bu fikirləri "Hüquqinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.
O vurğulayıb ki, əsas məqsəd yalnız təbii sərvətlərin hasilatını artırmaq deyil, həmin resursların daha səmərəli şəkildə emal olunması və ölkə daxilində əlavə dəyər yaradılmasıdır:
"Bunun üçün kəşfiyyat, hasilat, zənginləşdirmə və emal mərhələlərinin vahid istehsal zəncirində birləşdirilməsi nəzərdə tutulur.
Proqram çərçivəsində yeni istehsal güclərinin yaradılması investisiyaların artmasına da imkan verəcək. Ümumilikdə 2027–2030-cu illərdə bu sahəyə 5,3 milyard manat investisiya qoyuluşu nəzərdə tutulur. Beş mindən çox yeni daimi iş yerinin yaradılması planlaşdırılır. Bu isə xüsusilə dağ-mədən layihələrinin yerləşdiyi bölgələrdə məşğulluğun və iqtisadi fəallığın artmasına şərait yaradacaq".
"Yeni istehsal gücləri hesabına metal və metallurgiya məhsullarının ixracının artırılması planlaşdırılır. Eyni zamanda, nəqliyyat və logistika imkanları ölkənin regional bazarlara çıxışını asanlaşdırır. Bu baxımdan Azərbaycanın əsas nəqliyyat dəhlizləri üzərində yerləşməsi əlavə üstünlük yaradır.
Qarşıda duran vəzifələr sırasında yeni yataqların iqtisadi dövriyyəyə cəlb edilməsi, geoloji kəşfiyyat işlərinin genişləndirilməsi, müasir texnologiyaların tətbiqi və sahə üçün ixtisaslı kadrların hazırlanması da xüsusi yer tutur. Hüquqi bazanın yenilənməsi və investisiyaların cəlb edilməsi üçün daha əlverişli mexanizmlərin yaradılması da nəzərdə tutulur".
Eldar Quliyevin fikrincə, qarşıdakı illərdə dağ-mədən sənayesinin inkişafı yalnız bir sektorun böyüməsi kimi qiymətləndirilmir:
"Bu proses yeni sənaye sahələrinin yaranmasına, yerli şirkətlər üçün imkanların artmasına və regionlarda iqtisadi fəallığın yüksəlməsinə təsir göstərə bilər. Uzunmüddətli perspektivdə Azərbaycan üçün məqsəd mineral resurslardan daha səmərəli istifadə etməklə regional emal imkanlarını genişləndirməkdir".
Xatırladaq ki, sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illəri əhatə edəcək Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib. Tədbirdə bu sahənin Azərbaycanın qeyri-neft iqtisadiyyatının inkişafında mühüm rol oynayacağı vurğulanıb.










