





Hüquqinfo.az bildirir ki,
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb.
Hüquqinfo.az xəbər verir ki, görüşlər zamanı Azərbaycanla həmin ölkələr arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Siyasi dialoqun intensivləşdirilməsi, qarşılıqlı səfərlərin təşviqi və BMT, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalarda institusional əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.
Ceyhun Bayramov Sent-Kits və Nevisin xarici işlər, beynəlxalq ticarət, sənaye və kommersiya, istehlak məsələləri, iqtisadi inkişaf və investisiya naziri Denzil Llevellin Douglas, Antiqua və Barbudanın xarici işlər, ticarət və Barbuda məsələləri naziri Everli Pol Çet Grin, eləcə də Beninin xarici işlər naziri Korinne Amori Brunet ilə görüşüb.
Görüşlərin ardından Azərbaycan ilə Sent-Kits və Nevis arasında diplomatik və rəsmi/xidməti pasport sahibləri üçün qarşılıqlı viza azadolması, həmçinin adi pasport sahibləri üçün qarşılıqlı viza tələbinin aradan qaldırılması barədə iki saziş imzalanıb.
Azərbaycan və Antiqua və Barbuda arasında da diplomatik və rəsmi/xidməti pasport sahibləri, eləcə də adi pasport sahibləri üçün qarşılıqlı viza azadolmasına dair iki saziş imzalanıb.
Bundan əlavə, Azərbaycan və Benin arasında diplomatik və xidməti pasport sahibləri üçün qarşılıqlı viza azadolması haqqında saziş imzalanıb.
Sazişlərin qarşılıqlı səfərləri və rəsmi təmasları asanlaşdıracağı, diplomatik əlaqələri və insanlararası əlaqələri genişləndirəcəyi, həmçinin turizm və digər əməkdaşlıq istiqamətlərinin inkişafına töhfə verəcəyi bildirilib.





