
Hüquqinfo.az bildirir ki,
Azərbaycanda dağ-mədən və metallurgiya sahəsinin inkişafına dair qəbul edilmiş Dövlət Proqramının başlıca məqsədi ölkənin mineral ehtiyatlarını yalnız xammal şəklində çıxarıb xaricə satmaq yox, həmin resursların daxili emala cəlb olunmasını təmin etməkdir.
Ekspertin fikrincə, proqramın hədəfi ayrı-ayrı mədənlərin təcrid olunmuş formada istismarı deyil: "Burada əsas məqsəd hasilatdan emala və hazır məhsul istehsalına qədər tam bir sənaye zəncirinin formalaşdırılmasıdır. Daha dəqiq desək, bu hədəfə çatmaq üçün qarşıya məhz belə bir vəzifə qoyulub. Bu, ölkəmizin qeyri-neft sənayesinin genişləndirilməsi, ixracın şaxələndirilməsi və xüsusilə qeyri-neft sektorunun gücləndirilməsi baxımından son dərəcə böyük əhəmiyyət daşıyır".
Ekspert işğaldan azad olunmuş ərazilərdə dağ-mədən potensialının olduqca böyük olduğunu vurğulayıb: "Bunu biz hələ orta məktəb illərində, torpaqlarımız işğal altında olarkən belə coğrafiya dərslərindən öyrənmişdik. Kəlbəcərdə, Ağdərədə, Zəngilanda böyük həcmdə qızıl, mis və digər təbii sərvətlər, yeraltı ehtiyatlar mövcuddur ki, bunlar uzun müddət ermənilər tərəfindən qaçaq yolla daşınıb. Hazırda həmin yataqlar öz nəzarətimizdədir, üstəlik müasir texnologiyaları bu ərazilərə tətbiq etmək imkanımız var. Odur ki, azad edilmiş ərazilərdə təkcə məlum yataqlar deyil, həm də yeni ehtiyatların kəşf olunması ehtimalı çox yüksəkdir".
Proqramın iqtisadi səmərəliliyinə toxunan E.Əmirov bildirib ki, resurslara əsaslanan layihələrin iqtisadi gəlirliliyi adətən yüksək olur: "Çünki burada hasilat, emal və ixrac prosesləri bir-birinə birbaşa bağlıdır. Proqram çərçivəsində 2027–2030-cu illər ərzində 5,3 milyard manat həcmində investisiya nəzərdə tutulub ki, bunun da təqribən 80 %-i qeyri-büdcə mənbələri hesabına təmin ediləcək. Bu hədəfə uyğun olaraq sektorun ümumi həcminin 700 milyon manatdan 1,8 milyard manata qədər artması planlaşdırılıb ki, bu da reallaşdıra biləcək realist bir göstəricidir. Proqramın müvəffəqiyyətli həyata keçirilməsi qeyri-neft iqtisadiyyatının güclənməsinə ciddi töhfə verəcək".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov isə bildirib ki, dağ-mədən və metallurgiya sənayesi Azərbaycan iqtisadiyyatının əsas prioritet istiqamətlərindən birini təşkil edir.
"Dağ-mədən metallurgiya sənayesinin inkişafına dair dövlət proqramı bu sahəyə dövlət tərəfindən xüsusi önəm verildiyinin aydın göstəricisidir. Bir tərəfdən sənayeləşmə prioritet kimi müəyyən edilib. Digər tərəfdən iqtisadiyyatın diversifikasiyası və xüsusilə bu sektorlara daha çox diqqətin ayrılması əsas strateji hədəflərdən hesab olunur. Buna görə də belə bir müşavirənin təşkil edilməsi birmənalı olaraq həmin sahəyə dövlət dəstəyinin gücləndirilməsinə, təşviq mexanizmlərindən daha səmərəli istifadəyə, eyni zamanda sektorun inkişafı əsasında sənayenin daha yaxından dəstəklənməsinə şərait yaradacaq. Bu tədbir sənayeləşmənin dövlətin iqtisadi siyasətində aparıcı xətlərdən biri olduğunu nümayiş etdirir. Nəticə etibarilə Prezidentin iştirakı ilə müşavirənin keçirilməsi faktı göstərir ki, dövlətin bu sahəyə marağı bundan sonra daha da artacaq", - deyə o vurğulayıb.










