
Hüquqinfo.az bildirir ki,
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalı və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Rəqəmsal logistika platforması" (DLP) arasında əməkdaşlıq çərçivəsində nəzərdə tutulan işlər uğurla yekunlaşıb.
"Hüquqinfo.az" İİTKM-ya istinadən xəbər verir ki, portalın sahibkarlara təqdim etdiyi "Sərbəst satış sertifikatı" (Certificate of Free Sale) tam elektronlaşdırılaraq DLP platformasına inteqrasiya edilib.
Yeni inteqrasiya xidmətdən istifadəni sahibkarlara daha çevik və şəffaf edir. Proses çərçivəsində sənədlərin qəbulu tam elektronlaşdırılıb: sahibkarlar müraciətləri interaktiv qaydada doldurur və zəruri faylları birbaşa sistemə yükləyirlər. "QR" kod və müraciət nömrəsi kimi identikləşdirmə rekvizitləri ilə təmin olunan elektron sistem sahibkarlara öz şəxsi kabinetləri vasitəsilə müraciətin icra statusunu tam izləməyə imkan verir. Nəticədə, sahibkarlar heç bir fiziki təmasa ehtiyac qalmadan, hazır sertifikatı platformadan "PDF" formatında birbaşa yükləyə bilirlər.
"Azexport"un rəhbəri Ayxan Qədəşov bildirib ki, "kağızsız ticarət" üzrə dünyada qəbul olunan beynəlxalq standartların ölkəmizdə tətbiqi istiqamətində proseslərin davamı olan bu inteqrasiya sahibkarların vaxta və resurslara qənaət edərək strateji bazarlara daha çevik çıxışını təmin edir.
Sərbəst satış sertifikatı Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac imkanlarının genişləndirilməsində mühüm rol oynayır. 2018-ci ildən etibarən əsasən insan orqanizmi ilə təmasda olan tibbi avadanlıqlar, qida məhsulları və dərman vasitələri daxil olmaqla, 700-dən artıq adda məhsula bu sənəd təqdim edilib. Bu sertifikat yerli məhsulların əvvəllər ixracında çətinlik olan Körfəz, Asiya və Amerika ölkələri kimi strateji bazarlara çıxışını asanlaşdırıb.










