
Hüquqinfo.az bildirir ki,
Tailandın Baş naziri və daxili işlər naziri Anutin Çanvirakun yerli qanunları pozan əcnəbiləri ölkəni tərk etməyə çağırıb, həmçinin xarici vətəndaşlar üçün özəl qəbiristanlıqların yaradılmasına kəskin etiraz edib.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, Çanvirakunun sözlərinə görə, əcnəbilər dürüst işlədikləri, qanunlara əməl etdikləri və yerli sakinləri istismar etmədikləri təqdirdə Tailandda yaşaya bilərlər.
“Bu yaxınlarda əcnəbilərin özəl qəbiristanlıq tikintisi ilə bağlı müraciətindən xəbər tutdum — bu, artıq bütün hədləri aşır. Sizi bura gəlməyə buraxdığımız üçün minnətdar olmalısınız. Əgər öləcəksinizsə, gedin öz ölkənizdə ölün, burada ölməyinizə ehtiyac yoxdur”, - o, Tailand əyalətlərinin qubernatorları ilə keçirilən müşavirədə bildirib.
Çanvirakun qeyd edib ki, əcnəbilər müvafiq icazə olmadan Tailandda müstəqil şəkildə dini müəssisələr yarada bilməzlər. O, obyektin restoran kimi rəsmiləşdirildiyi, lakin faktiki olaraq “ibadət evi” kimi istifadə edildiyi halları tənqid edib.
Baş nazir qubernatorlara biznes fəaliyyəti qaydalarını pozan, taylandlı nominal sahiblərdən istifadə edən, icazəsiz işləyən və ya digər qanunsuz fəaliyyətlə məşğul olan əcnəbilərə qarşı qanunvericiliyi daha fəal tətbiq etməyi tapşırıb. Baş nazir bu cür hüquq pozucularının deportasiyasının sürətləndirilməsinə çağırıb.
Bundan əvvəl Tailandda bir sıra ölkələrin vətəndaşları üçün vizasız qalma müddətinin 60 gündən 30 günə endirilməsini nəzərdə tutan hökumət qərarı qüvvəyə minib.









