
Hüquqinfo.az bildirir ki,
Sentyabrın 17-də sayca beşinci “Baku ID” innovasiya festivalının açılış mərasimi ilk dəfə SABAH.city-də baş tutub. Festival startapları, investorları, texnologiya və biznes liderlərini, dövlət qurumlarının nümayəndələrini və innovasiya ekosisteminin aparıcı simalarını bir araya gətirib.
“Qafqazinfo” xəbər verir ki, festivalın rəsmi açılışını “SABAH.HUB”un İdarə Heyətinin üzvü Fərhad Paşayev edib.
Daha sonra “SABAH.HUB”un baş icraçı direktoru Rəhim Bayramlı qonaqları salamlayaraq festivalın beş il ərzində əldə etdiyi nailiyyətlərdən danışıb. “SABAH.city”nin baş icraçı direktoru Nihat Məcidov isə son bir ildə innovasiya şəhərciyində baş verən dəyişiklikləri və növbəti il üçün qarşıya qoyulan hədəfləri təqdim edib.
Açılış proqramının davamında “Dördüncü Sənaye İnqilabı dövründə bacarıqlar üzrə prioritetlərin müəyyənləşdirilməsində dövlət və özəl sektor əməkdaşlığının gücləndirilməsi” adlı panel müzakirəsi keçirilib. Paneldə iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, SOCAR-ın prezidenti Rövşən Nəcəf və PAŞA Maliyyə Holdinqinin baş icraçı direktoru Fərid Məmmədov iştirak ediblər. Çıxışlarda innovasiyanın inkişafında dövlət və özəl sektorun rolu, əməkdaşlığın gücləndirilməsi və gələcək üçün zəruri bacarıqların müəyyənləşdirilməsi barədə fikirlər səsləndirilib.
Paneldən sonra “Milli Proqram” çərçivəsində 12 nominasiya üzrə fərqlənən iştirakçılara üstün nailiyyət sertifikatları və hədiyyələr təqdim edilib. Təltifetmə mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, SOCAR-ın prezidenti Rövşən Nəcəf və PAŞA Maliyyə Holdinqinin baş icraçı direktoru Fərid Məmmədov iştirak ediblər.
Festivalın ilk günü süni intellekt, vençur kapitalı, startapların maliyyələşdirilməsi, təhsil və səhiyyə texnologiyaları mövzularında çıxışlar, panel müzakirələri və təqdimatlarla davam edib. Proqramda startapların investor və ekspertlər qarşısında çıxışları, “Startup World Cup” yarışmasının Azərbaycan üzrə regional finalı, 4SİM-in icma görüşü, netvörkinq və digər paralel fəaliyyətlər yer alıb.
“Baku ID 2026” bu gün, sentyabrın 18-də “SABAH.city”də davam edəcək. Festivalın ikinci gününün proqramına startap təqdimatları, panel müzakirələri, çıxışlar və investorlarla görüşlər daxildir.
Qeyd edək ki, “Baku ID 2026”nın strateji tərəfdaşları Elm və Təhsil Nazirliyi, PAŞA Holding, SOCAR və İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzidir (4SİM). Festivalın əsas tərəfdaşları isə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “TIMES” şirkətidir.
Festival haqqında ətraflı və operativ məlumatı bakuid.com saytından və festivalın rəsmi sosial media hesablarından əldə etmək olar.









