










Hüquqinfo.az bildirir ki,
Bu dəfə “təlim”, “ qayıdacağıq” demədillər, hamı gözü ilə danışırdı — DQ-nin əsgəri Nadir Yalçın yazır*
Bəzən asayişi qorumaq da elə döyüşmək deməkdir. Asayişə gedən yol mübarizədən keçir. Mən onda əsgər idim – Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gəncədə yerləşən “N” saylı hərbi hissəsində müddətli hərbi xidmətdə idim.
Tərxis olunmağıma barmaqhesabı günlər qalmışdı. 2023-cü il oktyabrın 1-də ordu sıralarından ehtiyata buraxılacaqdım. Sözün düzü, hərbi xidmətə başladığım ilk günlərdən etibarən hərbi hissədə xidmət edən müxtəlif təyinatlı bölmələrin hansısa əməliyyata hazır olduğu, tətikdə dayandığı hiss edilirdi.
Hər gün saatlarla davam edən məşğələlər müddətdən artıq xidmət edən hərbi qulluqçular üçün artıq adi prosesə çevrilmişdi. Xüsusi vasitələrin tətbiqi hazırlığı, kütləvi iğtişaşların qarşısının alınması taktikası, fiziki hazırlıq, xüsusi taktiki məşqlər, psixoloji hazırlıq, atəş hazırlığı, yaxın döyüş və əlbəyaxa mübarizə, dağlıq ərazi, şəhər və qapalı məkan hazırlığı, kəşfiyyat və müşahidə elementləri, partlayıcı təhlükələrə qarşı ilkin hazırlıq, tibbi hazırlıq… Adını unutduğum neçə-neçə müxtəlif məşq prosesi Daxili Qoşunların təyinatını tamamilə ifadə edirdi.
Bu sadaladıqlarım Xüsusi Təyinatlı Dəstənin (XTD) və Xüsusi Vasitələrin Tətbiqi Dəstəsinin (XVTD) hazırlıq prosesinə daxil idi. Mən II XVTD-nin I bölüyünün təminat manqasında idim.
O vaxt biz bütün bunları adi hərbi xidmətin bir parçası hesab edirdik. Sonradan başa düşdük ki, əslində, hər gün bizi sabahın ən ağır gününə hazırlayırmışlar.
Heç ağlımızdan keçməzdi ki, nə vaxtsa dövlət suverenliyinin bərpasına səbəb olan lokal antiterror tədbirləri keçiriləcək və müddətli əsgərləri də təminat manqası kimi zabit və MAXE-lərlə birgə əməliyyatın keçirildiyi əraziyə yollayacaqlar.
Təbii ki, həmin vaxt hərbi hissə komandiri bizə heç nəyi açıq-aydın demədi. II XVTD-nin birinci, ikinci və üçüncü bölüyünün təminat manqalarından, hərəsindən üç-dörd nəfər olmaqla, on nəfərlik heyət formalaşdırdılar və təkcə bunu dedilər: hər şeyə yüksək səviyyədə hazır olmaq lazımdır.
Hər şeyə… Bu iki sözün arxasında nələrin gizləndiyini isə yalnız sonradan anlayacaqdıq.
Avtoparkdakı maşınlardan tutmuş ştatdakı ən sonuncu əsgərə qədər hazır idik. Hamımıza güllələrlə dolu daraqlar təhkim edilmişdi. Bütün təhkim olunanlar yazılıb-pozulmuşdu, kiçik iynəyə qədər qeydiyyata alınmışdı.
Hər şey hesablanmışdı. Bir güllə, bir daraq, bir tibbi vasitə, bir maşın… Amma qarşıda bizi gözləyənlərin ölçüsünü hələ heç birimiz bilmirdik.
İndi o günün üzərindən üç il keçir. Bizim üçün proses 19-da həyəcan siqnalı ilə başlamışdı. Düzülüşdən sonra ani toplanış əmri verildi və hərbi hissənin şəxsi heyəti döyüş vəziyyətinə gətirildi.
Silah otaqlarının və əmlak saxlama otaqlarının qapıları açıldı. Bir göz qırpımında bütün heyət silahlanmış və özünə təhkim olunmuş bütün əşyalarla birlikdə sırada idi. Bizi “Ural” markalı yük avtomobilləri gözləyirdi.
Həmin an hərbi hissədə qəribə bir səssizlik vardı. Heç kim yüksək səslə sual vermirdi. Çünki bəzən veriləcək cavabdan daha ağır olan şey sualın özüdür.
Mən də daxil olmaqla, əsgər heyəti elə zənn edirdi ki, bu toplanış da digərləri kimi yoxlama xarakteri daşıyır. Amma yox…
Daxili Qoşunların hərbi qulluqçuları dövlət suverenliyinin bərpası, bu böyük əməliyyatın bir hissəsi olmaq üçün Qarabağa yol almışdılar.
Sentyabrın 19-da əməliyyat keçirilən ərazilərdə asayişi və təhlükəsizliyi bərqərar etmək üçün DQ əməkdaşları səfərbər oldular. Təminat manqası olaraq biz də onların ardınca irəliləyirdik.
Qarabağa gedən yol həmin gün bizim üçün sadəcə bir yol deyildi. Hər kilometr bizi tarixə, hər döngə isə taleyimizin dəyişəcəyi ana yaxınlaşdırırdı.
O enişli-yoxuşlu yollarda texnika bizi yarı yolda qoymadı, ən təhlükəli yollarda belə geri qayıtmadıq. Hərbi qulluqçuların psixoloji hazırlığı da yüksək səviyyədə idi.
Qarşımızda nə olduğunu bilmirdik. Amma arxamızda bir dövlətin əmri, yanımızda silahdaşlarımız, içimizdə isə Vətənə xidmət məsuliyyəti vardı.
Təəssüf ki, lokal antiterror tədbirlərində döyüş tapşırıqlarının icrası zamanı qarşı tərəfin mövqelərinə istiqamətlənən əməliyyatlarda bizim heyətə daxil olan 12 hərbçi şəhid oldu, 24 nəfər isə yaralandı.
O andan sonra həmin sıranın əvvəlki kimi olmayacağını heç kim bilmirdi. Bəziləri qayıtmayacaqdı. Bəzilərinin səsi, gülüşü, zarafatı isə yaddaşımızda əbədi qalacaqdı.
Hər səhər eyni sırada dayanırdıq, eyni təlimlərə cəlb olunurduq, toplanış veriləndə onlarla birgə komandanı icra edirdik…
Bircə fərqimiz var idi – biz müddətli idik, onlar müddətdən artıq, ömürlərini bu işə həsr etmişdilər, həyat tərzləri peşə təyinatları üzərində qurulmuşdu.
Yorulurdular? Əlbəttə… Amma sevirdilər və peşələrinin məsuliyyətini bütün vücudları ilə dərk edirdilər.
Dəstə komandirimiz polkovnik-leytenant Hüseynov Rəşad, özümüzə ağsaqqal bildiyimiz, zəhmi, iri cüssəsi ilə dağ əzəmətli, kişiliyi ilə örnək olan gizir Rəcəbov Vaqif, zarafatları, qayğıkeşliyi, yardımsevərliyi ilə əsgərlərin dostuna çevrilən çavuş Əliyev Zahir, həlim, xətirədəyməz xasiyyəti, ağıryanalığı ilə hörmət qazanan gizir Əhmədov Elvin, xatirəmizdə gülər çöhrəsi ilə yaşayan baş çavuş Hüseynov Ramin, tay-tuş kimi deyib-güldüyümüz, darıxanda rahatlıqla ürəyimizi aça bildiyimiz əsgər Sadıqov Samir, Nəbiyev Fərid, Vəlizadə Rəşad, heç kimlə işi olmayan kiçik çavuş Mehdiyev Süleyman, əsgər Məmmədov Azər, Babayev Sahil, Səmədov Camal…
İndi onların adlarını bir-bir yazmaq sadəcə xatirələri yada salmaq deyil. Bu, yaddaş qarşısında bir borcdur. Çünki insanın həyatda qoyduğu ən böyük iz bəzən onun arxasınca deyilən bir cümlədə, çəkilən bir fotoda, unudulmayan bir gülüşdə yaşayır.
Hamısı ilə irili-xırdalı cürbəcür xatirələrimiz var. Müharibə insanın yaddaşında yalnız atəş səsləri ilə qalmır. Bəzən ən çox bir insanın son baxışı, son sözü, son gülüşü yadda qalır.
Həmçinin antiterror tədbirləri zamanı şəhid olan 8 polis əməkdaşının bizə gəlib çatan xəbəri də eyni məyusluğu yaratdı.
Belə ki, sentyabrın 19-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnən terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb.
Törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci il təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.
Həmin gün biz yalnız döyüş xəbərləri almırdıq. Hər gələn xəbər bir ocağın sönməsi, bir ailənin həyatının dəyişməsi demək idi.
Prezident İlham Əliyev sentyabrın 20-si xalqa müraciət edəndə biz Laçında meşədə idik və onun bu sözlərini eşitdik:
O cümlə meşənin içində bizə çatanda sanki uzun saatların ağırlığı bir anlıq çiyinlərimizdən çəkildi. Biz bir-birimizə baxdıq. Hamı nə baş verdiyini anlayırdı. Artıq geri dönüş yox, yeni bir başlanğıc vardı.
Antiterror tədbirləri bir sutkanın tamam olmasına 10 dəqiqə qalmış, 23 saat 50 dəqiqə ərzində başa çatdı.
23 saat 50 dəqiqə… Tarix üçün bəlkə də bir an qədər qısa zaman. Amma o 23 saat 50 dəqiqəni yaşayanlar üçün hər saniyəsi ayrıca bir ömür idi.
Çünki biz həmin gün təkcə bir əməliyyatın iştirakçısı deyildik. Biz bir dövlətin öz torpağında öz suverenliyini bərpa etdiyi tarixi anın şahidləri idik.
Biz isə o tarixin içindən keçib gəlmişdik, əsgər kimi getmiş, şahid kimi qayıtmışdıq. Bəzilərimiz qayıtmadı. Amma onların adı həmin tarixdə əbədi qaldı.









