
Hüquqinfo.az bildirir ki,
Maliyyə Monitorinqi Xidməti (MMX) elektron köçürmələrin hesabatlandırılması qaydasını yenidən dəyişib.
Bu barədə “Hüquqinfo.az-Economics” MMX-nin 25 sentyabr 2026-cı il tarixli qərarına istinadən xəbər verir.
Yeni qərara əsasən, maliyyə institutlarının MMX-yə məlumat və sənədlər təqdim etməli olduqları elektron köçürmələr üzrə əvvəl nəzərdə tutulan bir təqvim ili üzrə 20 min manatlıq kumulyativ hədd ləğv edilib.
Bundan sonra bir elektron köçürmənin məbləği 20 min manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bundan yuxarı olduqda həmin əməliyyat barədə MMX-yə məlumat təqdim ediləcək.
Eyni zamanda, fərdi sahibkarlar istisna olmaqla, fiziki şəxslərin bir təqvim ayı ərzində həyata keçirdiyi elektron köçürmələrin ümumi məbləği 50 min manatı keçdikdən sonra həmin ay ərzində aparılan hər növbəti elektron köçürmə də MMX-yə təqdim olunacaq.
Beləliklə, əvvəlki redaksiyada nəzərdə tutulan illik 20 min manatlıq mexanizm aylıq 50 min manatlıq hədlə əvəzlənib. Bununla yanaşı, bir əməliyyat üzrə 20 min manat və daha yüksək məbləğdə elektron köçürmələr ayrıca hesabat predmeti olaraq qalır.
Qərarla qaydaların qüvvəyə minmə tarixi də dəyişdirilib. Əvvəl 1 oktyabr 2026-cı ildən tətbiqi nəzərdə tutulan dəyişikliklər 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək.
Xatırladaq ki, əvvəlki qaydaya əsasən, müştərinin bir təqvim ili ərzində elektron köçürmələrinin ümumi məbləği 20 min manata çatdıqdan sonra hər növbəti elektron köçürmə üzrə məlumatların MMX-yə təqdim edilməsi nəzərdə tutulurdu. Sözügedən mexanizm ictimaiyyətdə müzakirələrə səbəb olmuşdu.
Maliyyə Monitorinqi Xidməti (MMX) “Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası”na dəyişiklik edəcək.
Qeyd edilib ki, hazırda qaydalara dəyişiklik layihəsinə yenidən baxılır və daha effektiv mexanizmin tətbiqi məqsədilə müvafiq düzəlişlər hazırlanır.
Bildirilib ki, layihə MMX rəhbərliyinə təqdim ediləcək və qısa müddətdə qəbul olunması nəzərdə tutulur.
Xidmətdən vurğulanıb ki, yenidən baxılan məsələlər sırasında 20 min manatdan yuxarı elektron köçürmələr üzrə maliyyə institutlarının MMX-yə məlumat və sənədlər təqdim etməsi mexanizmi də yer alır.
Xatırladaq ki, oktyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, müştərinin bir təqvim ili ərzində elektron köçürmələrinin ümumi məbləği 20 min manata çatdıqdan sonra hər növbəti elektron köçürmə barədə Maliyyə Monitorinqi Xidmətinə məlumat təqdim edilməsi nəzərdə tutulur.
Sözügedən mexanizm ictimaiyyətdə müzakirələrə səbəb olub. Belə ki, 20 min manatlıq illik hədd aylıq orta hesabla təxminən 1 667 manata uyğun gəlir və bu hədd keçildikdən sonra sonrakı elektron köçürmələrin MMX-yə təqdim edilməsi ilə bağlı yanaşma birmənalı qarşılanmayıb.








