
Hüquqinfo.az bildirir ki,
Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin təşkilatçılığı ilə İmişli rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.
Təlimdə FHN-in Muğan Regional Mərkəzinin rəis müavini polkovnik-leytenant Orxan Bağırov, İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini - Fövqəladə Hallar Komissiyasının sədri Mirzə Quliyev, Nazirliyin aidiyyəti qurumlarının nümayəndələri, rayonun hüquq mühafizə orqanlarının, İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələrinin əməkdaşları iştirak ediblər.
Müşavirədə çıxış edən Muğan Regional Mərkəzinin rəis müavini polkovnik-leytenant Orxan Bağırov mülki müdafiə tədbirlərinin icra vəziyyətindən söz açaraq, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı əməkdaşlığının vacibliyini önə çəkib, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində koordinasiyalı fəaliyyətin əhəmiyyətindən bəhs edib.
Müşavirədə çıxış edən İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini - Fövqəladə Hallar Komissiyasının sədri Mirzə Quliyev təlimin vacibliyindən danışaraq, mülki müdafiə sahəsində qurumların birgə fəaliyyətinin və əməkdaşlığının əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığını diqqətə çatdırıb.
Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin effektli səviyyədə yerinə yetirilməsinin təmin edilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması ilə bağlı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin əməli vərdişlərinin daha da artırılmasından ibarət olub. Bununla yanaşı, təlim keçirilərkən əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının işinin təşkili, xilasetmə və digər təxirəsalınmaz tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib.
Təlim zamanı rayonun mülki müdafiə qüvvələri tərəfində fövqəladə hadisənin baş verməsi barədə rayon rəhbərliyinin, FHK-nın və mülki müdafiə idarəetmə orqanlarının xəbərdar edilməsi, rayonun mülki müdafiə idarəetmə orqanlarının, mülki müdafiə xidmətlərinin və ərazi üzrə mülki müdafiə qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi, şəxsi heyətin "xəbərdarlıq toplanış" siqnalı üzrə fəaliyyəti, ərazinin kəşfiyyatının aparılması, məlumatların toplanması və təhlili, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi təmin edilib.
Kompleks mülki müdafiə təliminə ümumilikdə 196 nəfərdən ibarət şəxsi heyət və 42 ədəd texnika cəlb edilib. Tədbirin gedişində FHN qüvvələri, rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti yüksək səviyyədə təşkil edilməklə qarşıya qoyulmuş məqsədlərə nail olunub.






