
Hüquqinfo.az bildirir ki,
Fransa Prezidenti Emmanuel Makron bazarda təklifi artırmaq və qiymətləri aşağı salmaq üçün Avropa İttifaqının (Aİ) yanacaqla bağlı bəzi tələblərinin müvəqqəti yumşaldılmasını təklif edib.
"Hüquqinfo.az" BFMTV-yə istinadən xəbər verir ki, Makron müvafiq təklifi Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenə göndərib.
Fransa lideri müstəsna qaydada və müvəqqəti əsasda Aİ-də qüvvədə olan yanacağın keyfiyyəti ilə bağlı tələbləri yumşaltmağı təklif edib. Onun fikrincə, bu, neft emalı müəssisələrində istehsalın həcmini artırmağa imkan verəcək.
Makron yanacaq qatışığında bioyanacağın payına qoyulan məhdudiyyətləri zəiflətməyə də çağırıb. BFMTV qeyd edib ki, bu, bazarda dizel yanacağı təklifinin artmasına kömək edə bilər.
Telekanalın məlumatına görə, Fransa Prezidentinin təklifləri qısamüddətli perspektivdə yanacağın qiymətinin aşağı salınmasına yönəlib.
Sentyabrın 20-də Fransada dizel yanacağının orta qiyməti bir litr üçün 2,41 avroya çatıb ki, bu da rekord göstəricidir. Daha əvvəl Makron enerji daşıyıcılarının qiymətlərini aşağı salmaq və neft emalı imkanlarını artırmaq üçün Avropa səviyyəsində bütün mümkün tədbirlərin görülməsinin vacibliyini bildirib.










