
Hüquqinfo.az bildirir ki,
Azərbaycanda məhsul şəhadətnaməsini indossamentlə satmaq və dövriyyəyə buraxmaq mümkün olacaq.
"Hüquqinfo.az" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib.
"Məhsul şəhadətnaməsi borclunun məhsulun istehsalı və yaxud ilkin emalı məqsədilə elektron qaydada buraxdığı, öhdəliyin icrasını təmin edən təminatlı qiymətli kağızdır. Borclu bununla məhsulu və yaxud pul məbləğini mübahisəsiz şəkildə təhvil-təslim aktı əsasında vermək öhdəliyini götürür. Məhsul şəhadətnaməsinin iki növü – maliyyə məhsul şəhadətnaməsi və əmtəə məhsul şəhadətnaməsi mövcuddur. Bunlardan biri dövrün sonunda məhsulun təqdim edilməsini, digəri dövrün sonunda məbləğin, yəni borcun qaytarılmasını nəzərdə tutur. Bunlardan biri daha çox maliyyə institutlarını, yəni bankları maraqlandırır. Çünki bankların kənd təsərrüfatına kredit verməsi sahənin risklərindən dolayı bir çox uzun prosedurlarla və bəzən də çətin şərtlərlə baş tutur. Qiymətli kağız isə burada borcun götürülməsini həm asanlaşdırır, həm də geri ödənilməsində həmin maliyyə institutlarına birbaşa icraya yönəltmə imkanı yaradır. Bu da həmin borcun daha qısa müddətdə geri ödənilməsinə təminat yaradır, maliyyə institutlarında bu qiymətli kağıza maraq oyadacaq", - deyə o qeyd edib.
Nazir müavini həmçinin deyib ki, məhsul şəhadətnamə Mülki Məcəllədə qiymətli kağızların siyahısına da daxil ediləcək: "Məqsəd odur ki, bu qiymətli kağızı kimlər buraxa bilərsə, əvvəlcədən məlum olsun. Məhsul şəhadətnaməsi həm bitkiçilik, həm də heyvandarlıq sahəsində tətbiq edilə bilər. Bitkiçilik istiqamətində torpağın həm mülkiyyətçisi, həm də qanuni istifadəçisi, yəni icarəçisi bunu tətbiq edə bilər. Heyvandarlıq istiqamətində isə heyvan sahibləri məhsul şəhadətnaməsi buraxa bilərlər. Ortaq mülkiyyət mövcud olduqda tərəflər, təbii ki, birgə buraxılışı həyata keçirirlər və birgə məsuliyyət daşıyırlar. Torpaq üzərindəki hüquq başqa şəxsə keçdikdə şəhadətnamə də hüquq və vəzifələr olaraq başqa şəxsə keçir. Yəni bu, bildiyiniz qiymətli kağız kimi, bir indossamentlə növbəti şəxsə təqdim edilə, satıla və dövriyyəsi həyata keçirilə bilər".






