
Hüquqinfo.az bildirir ki,
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı yeni sərəncamla Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəis müavini, general-mayor Allahverən İbiş oğlu İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verilib.
“Hüquqinfo.az”nun məlumatına görə, general-leytenant rütbəsinə layiq görülən A.İsmayılov 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputat seçilmiş İmamverdi İsmayılovun qardaşıdır.
A. İsmayılov Azərbaycan Texniki Universitetinin (AzTU) məzunudur. Təhsil ocağının 75 illik yubiley mərasimində o, universitetin fəxri məzunu kimi təqdim olunub.
O, müxtəlif illərdə məsul vəzifələrdə çalışıb. Dövlət qurumlarında rabitə infrastrukturunun inkişafındakı xidmətlərinə görə 2016-cı ildə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb. Həmçinin karyerasının önəmli mərhələlərindən biri kimi, 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasına rəislik edib.
Həmçinin 2023-cü ildən XRİTDX rəisinin müavini postunu tutur. O, dövlət informasiya resurslarının mühafizəsi, süni intellekt və kibertəhlükəsizlik sahələrində strateji tədbirlərin həyata keçirilməsində yaxından iştirak edir.
Ölkənin informasiya təhlükəsizliyinin təmin olunmasındakı uzunmüddətli xidmətləri nəzərə alınaraq, 2024-cü ilin aprelində dövlət başçısının sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılıb.










