
Hüquqinfo.az bildirir ki,
Gələcəkdə Azərbaycan ilə Banqladeş arasında viza rejiminin tamamilə aradan qaldırılması istisna edilmir.
Bunu "Hüquqinfo.az"un Türkiyə bürosuna açıqlamasında Banqladeşin Azərbaycan üzrə qeyri-rezident səfiri Amanul Haq deyib.
O, Azərbaycanla Banqladeş arasında əlaqələrin yeni müstəviyə keçdiyini vurğulayıb:
"Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilür Rəhman tərəfindən "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xalq Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahibləri üçün viza tələbindən azad etmə haqqında Saziş" imzalanıb. Bu, iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində atılan mühüm və konkret addımdır".
Diplomat ilkin mərhələdə viza rejiminin iki ölkənin diplomatik və xidməti pasport sahibləri üçün sadələşdirilməsinin nəzərdə tutulduğunu qeyd edib. Onun sözlərinə görə, bu mexanizmin tətbiqinin nəticələri qiymətləndirildikdən sonra gələcəkdə digər pasport sahibləri üçün də analoji addımların atılması istisna olunmur.
A.Haq əlavə edib ki, növbəti mərhələdə hər iki ölkənin qarşılıqlı şəkildə diplomatik nümayəndəliklərinin açılması gözlənilir:
"Bu, Azərbaycan və Banqladeşin əlaqələri daha da inkişaf etdirmək və diplomatik təmasları genişləndirmək niyyətinin göstəricisidir".










