
Hüquqinfo.az bildirir ki,
İran Xarici İşlər Nazirliyi (XİN) Fransa XİN-in bəyanatında yer alan və bu ölkənin Tehrandakı səfirliyinə bağlı təhsil müəssisəsi barədə əsassız, həqiqətə uyğun olmayan iddialarını qətiyyətlə rədd edib.
"Hüquq-mühafizə qüvvələrinin Tehranda Fransa səfirliyinə bağlı bir müəssisənin qeyri-qanuni fəaliyyətini dayandırmaq addımı, Fransa səfirliyinin son bir neçə il ərzində İranın səlahiyyətli orqanlarının bu mərkəzin fəaliyyəti üçün qanuni qeydiyyatdan keçməsi və lisenziya alması zərurəti ilə bağlı dəfələrlə etdiyi xəbərdarlıqlara davamlı və uzunmüddətli məhəl qoymamasının ardınca və məhkəmənin qərarı əsasında həyata keçirilib", - bəyanatda qabardılıb.
Qeyd olunub ki, diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasının səfirliklərin imtiyaz və toxunulmazlıqları ilə bağlı müddəaları aydındır: "Fransa səfirliyi mədəni və təhsil yönümlü fəaliyyət göstərən mərkəz və müəssisələrin təsis edilməsi və fəaliyyəti üçün qəbul edən ölkənin qanun və qaydalarına uyğun olaraq lazımi qanuni lisenziyaları əldə etməlidir.
Fransa səfirliyinin Tehranda Diplomatik Əlaqələr Konvensiyasının müddəalarına məhəl qoymamaqda israrlı olması və İran İslam Respublikasının qanun və qaydalarından istisna edilməsini gözləməsi heç bir halda qəbuledilməzdir".
Xatırladaq ki, Fransa XİN qərarı "qəbuledilməz" adlandırıb və bunu ölkənin İrandakı mədəni varlığına hücum kimi qiymətləndirib.










