
Hüquqinfo.az bildirir ki,
Çinin xarici işlər naziri Van İ almaniyalı həmkarı Yohann Vadeful ilə Rusiya-Ukrayna münaqişəsini, eləcə də İrandakı vəziyyəti müzakirə edib.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Van İ bildirib ki, Çin yalnız sülhə töhfə verən işlər görəcək və tərəflər arasında barışığa kömək etməyə davam edəcək. O qeyd edib ki, Pekin Avropa tərəfi ilə kommunikasiya və koordinasiyanı bundan sonra da gücləndirməyə və münaqişənin həlli üçün birgə səylər göstərməyə hazırdır.
Van İ həmçinin qeyd edib ki, Çin və Almaniya dünyanın ən böyük iqtisadiyyatları və hərtərəfli strateji tərəfdaşlarıdır. Onun sözlərinə görə, birtərəflilik və antiqlobalizmin hazırkı təzyiqi fonunda tərəflər strateji kommunikasiyanı gücləndirməli, qarşılıqlı etimadı artırmalı və praktiki əməkdaşlığı dərinləşdirməlidirlər.
O qeyd edib ki, Çin və Almaniya çoxtərəfliliyin və azad ticarətin birgə müdafiəsi barədə müsbət siqnal nümayiş etdirməli, ikitərəfli münasibətlərin inkişafına inamı gücləndirməli, həmçinin Çin və Avropa İttifaqı (Aİ) arasındakı münasibətlərin inkişafında konstruktiv rol oynamalıdırlar. Van İ vurğulayıb ki, qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi hər iki ölkənin maraqlarına cavab verir.
Çin və Aİ münasibətlərinə toxunan Van İ qeyd edib ki, tərəflər hərtərəfli strateji tərəfdaşdırlar və ticarət müharibəsinə girməməlidirlər. Onun sözlərinə görə, tərəflər arasındakı problemlərin həllini dialoq və məsləhətləşmələr yolu ilə tapmaq lazımdır. O ümidvar olduğunu bildirib ki, Berlin rasional və praqmatik yanaşmanı qoruyub saxlayacaq və azad ticarətə və əməkdaşlığa kömək edərək Aİ-də fəal rol oynayacaq.
Vadeful isə bildirib ki, son illər Çin-Almaniya münasibətləri yaxşı inkişaf dinamikasını qoruyub saxlayır. Berlin Pekinlə yüksək səviyyəli əlaqələrin daha da gücləndirilməsinə, hökumətlərarası məsləhətləşmələrin yeni raundunun keçirilməsinə və ticarət-iqtisadi, eləcə də digər sahələrdə praktiki əməkdaşlığın dərinləşdirilməsinə ümid edir.
O həmçinin bildirib ki, Almaniya Çin və Aİ arasındakı fikir ayrılıqlarının dialoq vasitəsilə həllini dəstəkləyir və bu işdə fəal rol oynamağa hazırdır.










