
Hüquqinfo.az bildirir ki,
Çin orbitdə 14 növ bitkidən 20-dən çox çeşid yetişdirərək kosmik stansiyada kənd təsərrüfatı bitkilərinin genişmiqyaslı becərilməsi üçün baza yaradıb.
"Hüquqinfo.az"un "Xinhua"ya istinadən məlumatına görə, bu barədə Çin Astronavt Hazırlığı Mərkəzi məlumat yayıb.
"Tiangong" kosmik stansiyasının göyərtəsində kahı, kök, günəbaxan, kartof və buğda yetişdirilir. 2025-ci ildə stansiyaya aeroponik üsulla – bitkilərin torpaqsız becərilməsi metodu ilə – daha səmərəli bitki yetişdirmə qurğusu çatdırılıb. Buğda artıq kosmosda tam becərilmə dövrünü başa vurub, toplanmış toxumlardan əldə edilən ikinci məhsul isə yığım mərhələsinə yaxınlaşıb.
Mərkəzin məlumatına görə, stansiyada hazırda iki bitki yetişdirmə sistemi – substratdan istifadə və aeroponik üsul tətbiq edilir. Bu sistemlər suyun, havanın və qidanın birbaşa kosmosda əldə edilərək emal olunmasına imkan verən qapalı həyat təminatı sisteminin hazırlanması üçün istifadə edilir.
Çin həmçinin Ayın gələcək mənimsənilməsi proqramı çərçivəsində "Ay bağı" yaratmağı planlaşdırır.










