










Hüquqinfo.az bildirir ki,
Kənd təsərrüfatında dəyər zəncirinə texnoloji yanaşma tətbiq etməklə son istehlakçının tələbatını düzgün müəyyənləşdirmək və istehsalı bu tələblərə uyğun qurmaq lazımdır.
"Hüquqinfo.az" xəbər verir ki, bunu "Agro Dairy" MMC-nin Baş icraçı direktoru, Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının sədri Niyazi Əmirbəyov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) panel müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, kənd təsərrüfatında istehsal prosesini yalnız məhsulun həcmi baxımından deyil, bazarın tələbatı və son istehlakçının gözləntiləri nəzərə alınmaqla qiymətləndirmək lazımdır.
"Əgər tələbat yoxdursa, bazar bunu istehlak etməyəcəksə, fərqli keyfiyyət və ya fərqli xüsusiyyətdə məhsul tələb edirsə, Azərbaycanı qarğıdalı və ya buğda ilə həddindən artıq təmin etməyin mənim üçün heç bir dəyəri yoxdur. Dəyər zəncirinə texnoloji bucaqdan baxaraq son istehlakçının nə tələb etdiyini anlamaq lazımdır. İstehlakçı istər biznes, istər ferma, yem istehsalçısı, market, istərsə də gündəlik süd məhsulları alan son istehlakçı olsun. Bizdə çoxlu məlumat nöqtələri (data points) var", – deyə N.Əmirbəyov bildirib.
O qeyd edib ki, bu məlumatlardan istifadə etməklə bazarın real ehtiyaclarını müəyyənləşdirmək və istehsal qərarlarını daha dəqiq formalaşdırmaq mümkündür.
N.Əmirbəyovun sözlərinə görə, kənd təsərrüfatında texnoloji inkişafın əsas şərtlərindən biri də insan kapitalının inkişafıdır.
"Texnoloji inkişafdan danışırıq, lakin bunun ən təməlində kadr potensialı və bacarıqlar dayanır. Texnologiya öz-özünə inkişaf gətirmir. Bunu həmin texnologiyadan istifadə etməyi öyrənən insanlar edir", - deyə o vurğulayıb.
O bildirib ki, müasir kənd təsərrüfatında müxtəlif ixtisasların məzmunu da dəyişir: "Bugünkü aqronom mahiyyətcə bir məlumat alimidir. Bugünkü zootexnik və ya baytar demək olar ki, bir genetika mütəxəssisidir. Bugünkü ferma meneceri isə bir iqtisadçıdır. O, iqtisadi əlaqələrin necə işlədiyini anlamalıdır".
N.Əmirbəyov əlavə edib ki, kənd təsərrüfatının texnoloji transformasiyası yalnız yeni texnologiyaların tətbiqindən deyil, həmin texnologiyalardan səmərəli istifadə edə biləcək mütəxəssislərin hazırlanmasından keçir.










