
Hüquqinfo.az bildirir ki,
Fransada şagirdlərin və məktəb işçilərinin kütləvi nümayişləri səbəbindən oktyabrın 2-də yüzlərlə lisey distant təhsilə keçəcək.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə milli təhsil naziri Eduar Jeffre "France 2" telekanalının efirində bildirib.
"Sabah 400-dən bir qədər çox təhsil müəssisəsi bağlanacaq. Onlarda dərslər distant formatda keçiriləcək", - nazir bildirib.
Onun sözlərinə görə, həftənin əvvəlindən iğtişaşlara çevrilən etiraz aksiyaları zamanı 170 yuxarı sinif şagirdi və 65 təhsil müəssisəsi işçisi xəsarət alıb.
Jeffre nümayişçilərin aqressiv hərəkətlərini və dövlət müəssisələrinə ziyan vurulmasını pisləyib. "Lisey şagirdlərinin hərəkatı son dərəcə aqressiv qrupların girovuna çevrilib", - nazir qeyd edərək, həmkarlar ittifaqları və tələbə təşkilatları ilə dialoqu davam etdirmək niyyətində olduğunu bildirib.
Xatırladaq ki, yuxarı sinif şagirdlərinin etiraz aksiyaları ötən həftə Parisin İl-de-Frans regionunda başlayıb, daha sonra isə Fransanın digər regionlarına yayılıb. Nümayişçilər həddindən artıq yüklənmiş dərs cədvəlinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə qarşı çıxış edirlər. Daha əvvəl xəbər verilib ki, etirazlar və iğtişaşlarla əlaqədar Fransanın təhsil müəssisələrində tədris prosesinin təşkilində problemlər yaranıb.









