
Hüquqinfo.az bildirir ki,
Almaniya kansleri Fridrix Merzin fəaliyyətini bəyənənlərin göstəricisi rekord aşağı səviyyəyə – 10 faizə enib.
Bu barədə “Infratest dimap” tədqiqat institutunun ARD telekanalı üçün keçirdiyi sorğunun nəticələrində bildirilib.
Sorğuya əsasən, respondentlərin yalnız hər on nəfərindən biri kanslerin fəaliyyətindən razı və ya çox razıdır. WDR telekanalının məlumatına görə, bu, Almaniyada belə sorğuların keçirilməyə başlandığı 1997-ci ildən bəri hökumət başçısı üçün qeydə alınan ən aşağı göstəricidir.
Respondentlərin 88 faizi isə Merzin fəaliyyətindən qismən və ya tamamilə narazı olduğunu bildirib. Sentyabrın əvvəlində kanslerin fəaliyyətini bəyənənlərin göstəricisi 13 faiz idi.
Almaniyanın müdafiə naziri Boris Pistoriusun fəaliyyətini respondentlərin 50 faizi müsbət qiymətləndirib. Xarici işlər naziri Yohann Vadefulun göstəricisi 34, daxili işlər naziri Aleksander Dobrindtinki 27 faiz olub. Vitse-kansler və maliyyə naziri Lars Klinqbaylın fəaliyyətini respondentlərin 20 faizi, əmək naziri Berbel Basın fəaliyyətini isə təxminən hər altı nəfərdən biri dəstəkləyib.










