
Hüquqinfo.az bildirir ki,
Payız-qış mövsümünün yaxınlaşması ilə kəskin respirator virus infeksiyaları, o cümlədən mövsümi qripdən qorunma məsələsi yenidən aktuallaşır. Xüsusilə uşaqlar, yaşlılar, hamilələr və xroniki xəstəlikləri olan şəxslər üçün qrip daha ciddi fəsadlara səbəb olur.
“Hüquqinfo.az” qripin simptomları, qorunma yolları, peyvəndlənmənin əhəmiyyəti və risk qrupları ilə bağlı “Baku Medical Plaza” Babək filialının direktoru, həkim-terapevt Fərid Qasımovun müsahibəsini təqdim edir:
- İnsanlar arasında qrip çox vaxt soyuqdəymə kimi qəbul olunur. Qrip virusu nədir və simptomlarına nələr daxildir?
- Qrip adi soyuqdəymə ilə eyni xəstəlik deyil. Qrip yüksək hərarət, əzələ ağrıları, öskürək və güclü halsızlıqla müşaiyət oluna, bəzi hallarda isə pnevmoniyaya və mövcud xroniki xəstəliklərin ağırlaşmasına səbəb ola bilər. Xüsusilə uşaqlarda, yaşlılarda, hamilələrdə və xroniki xəstəlikləri olan şəxslərdə qrip xəstəliyi daha ağır və ciddi ağırlaşmalar yaradır. Bu səbəbdən qrip əlamətləri müşahidə olunduqda vaxtında həkimə müraciət etmək, düzgün müayinə və müalicə tədbirlərinə başlamaq vacibdir.
- Peyvənd qripdən qorunmanın ən effektiv yollarından biridir. Peyvənd yoluxma riskini azaltmaqla yanaşı, xəstəliyin ağır keçməsi və xəstəxanaya yerləşdirilmə ehtimalını azaldır. Qrip peyvəndi tam qorunmaya zəmanət verməsə də xəstəliyin ağırlaşmasının qarşısının alınmasında mühüm rol oynayır.
Həkim-terapevt bildirir ki, peyvəndi qrip mövsümü başlamazdan əvvəl etdirmək məqsədəuyğundur. Payızın əvvəli bu barədə həkimlə məsləhətləşmək üçün ən doğru vaxtdır. Peyvənddən sonra qoruyucu immun cavabın formalaşması təxminən iki həftə çəkir. Buna görə xəstələnmə hallarının artmasını gözləmədən peyvəndlənmək tövsiyə olunur. Bununla belə, qrip mövsümü artıq başlayıbsa, peyvənd olunmaq yenə də faydalı ola bilər.
- Xüsusilə 65 yaşdan yuxarı şəxslər, hamilələr, kiçik yaşlı uşaqlar, şəkərli diabet, xroniki ürək və ağciyər xəstəlikləri olan insanlar üçün peyvənd mühüm əhəmiyyət daşıyır. Səhiyyə işçiləri də peyvəndlənməyə xüsusi diqqət yetirməlidirlər. Uşaqlarda qrip peyvəndi 6 aylıqdan etibarən yaşa uyğun preparatla tətbiq oluna bilər. 6 aydan kiçik körpələrə isə qrip peyvəndi vurulmur. Peyvəndin seçimi və doza sxemi şəxsin yaşı, sağlamlıq vəziyyəti və əvvəlki peyvənd tarixçəsi nəzərə alınmaqla həkim tərəfindən müəyyənləşdirilməlidir.
- “Peyvənddən sonra qrip oldum” fikrini tez-tez eşidirik. Peyvənd qrip yarada bilərmi?
-İnyeksiya şəklində tətbiq olunan inaktiv qrip peyvəndi qrip xəstəliyini yaratmır. Peyvənddən sonra iynə yerində ağrı, yüngül hərarət və əzələ ağrıları kimi qısamüddətli reaksiyalar müşahidə oluna bilər. Bunlar qrip xəstəliyinə yoluxma anlamına gəlmir. İnsan peyvənddən əvvəl və ya qoruyucu immun cavabın hələ formalaşmadığı ilk iki həftə ərzində virusa yoluxa bilər.
Bundan başqa, qrip peyvəndi bütün respirator viruslardan qorunma təmin etmir. Buna görə peyvənd olunmuş şəxsin başqa respirator infeksiyaya yoluxması peyvəndin təsirsiz olduğu anlamına gəlmir.
Fərid Qasımov bildirib ki, əvvəlki qrip peyvəndindən sonra ağır allergik reaksiya keçirmiş şəxslər peyvənd olunmazdan əvvəl bu barədə mütləq həkimə məlumat verməlidirlər. Qrip viruslarının dəyişməsi və peyvəndin yaratdığı qoruyuculuğun zamanla azalması səbəbindən qrip peyvəndinin hər il təkrarlanması tövsiyə edilir.
Peyvəndlənmə BMP kliniklar şəbkəmizdə peşəkar səviyyədə həyata keçirilir. Peyvəndin tətbiqi və uyğun preparatın seçimi şəxsin sağlamlıq vəziyyəti və tibbi göstərişləri nəzərə alınmaqla həkim tərəfindən qiymətləndirilir.









