
Hüquqinfo.az bildirir ki,
“2030-cu il yaxınlaşdıqca, dünyanın Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqində hədəfdən geri qaldığı daha aydın görünməkdədir”.
“Hüquqinfo.az” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.
“Azərbaycan bağlantılar, “yaşıl inkişaf”, rəqəmsallaşma və dayanıqlı şəhərsalma inkişafına xüsusi diqqət yetirməklə, Dayanıqlı İnkişaf Məqsədlərini özünün milli inkişaf strategiyalarına, institusional çərçivələrinə və eləcə də Könüllü Milli Hesabat proseslərinə inteqrasiya edərək, 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinə tam sadiqdir.
Son iki onilliyə yaxın müddətdə Azərbaycanın ÜDM-i üç dəfə artıb, yoxsulluq səviyyəsi isə 49%-dən təxminən 5%-ə enib. Eyni zamanda, Azərbaycan dünyada ən aşağı xarici dövlət borcu səviyyələrindən birinə malik ölkədir.
Bizim yanaşmamız həmçinin səmərəli və məsuliyyətli təsisatlar vasitəsilə dayanıqlı inkişafın irəli aparılmasını əhatə edir. Azərbaycanın təşəbbüsü ilə 30 mart 2026-cı il tarixində BMT-nin İnsan Hüquqları Şurası tərəfindən “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə üçüncü dəfə konsensus əsasında qəbul edilib. 100-dən çox üzv dövlətin həmmüəllifi olduğu qətnamə, vətəndaşyönümlü, şəffaf və səmərəli dövlət institutlarının insan hüquqlarının inkişafı və Dayanıqlı İnkişaf Məqsədlərinə doğru tərəqqinin sürətləndirilməsində mühüm rolunu vurğulayır.
Azərbaycanın şəffaf, əlçatan və vətəndaşyönümlü dövlət xidmətinin göstərilməsi üzrə innovativ ASAN və DOST modelləri beynəlxalq nüfuz qazanıb və daha çox sayda tərəfdaş ölkə tərəfindən tətbiq edilməkdədir”, - o qeyd edib.










