
Hüquqinfo.az bildirir ki,
ABŞ və İran nümayəndə heyətləri Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində görüşüb.
“Hüquqinfo.az” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
O, ABŞ və İran nümayəndə heyətləri arasında təxminən üç saat davam edən görüşü “çox yaxşı” və “məhsuldar” adlandırıb.
Tramp ABŞ nümayəndə heyətində xüsusi nümayəndə Stiv Uitkof, eləcə də, kürəkəni Cared Kuşnerin iştirak etdiyini təsdiqləyib. Prezident görüşdən sonra İranla əlaqələrin davam etdiyini və razılaşma əldə olunacağını düşündüyünü bildirib.
ABŞ Prezidenti tərəflər arasında növbəti görüşün “çox tezliklə” keçiriləcəyini də deyib.
İranın dövlət mediası da xarici işlər naziri Abbas Əraqçinin BMT Baş Assambleyası çərçivəsində Stiv Uitkofla görüşdüyünü təsdiqləyib. İran mənbələrinin məlumatına görə, görüş Uitkofun xahişi ilə baş tutub.
Görüşdə Tehranın strateji əhəmiyyətli Hörmüz boğazının yenidən açılması ilə bağlı şərtləri ABŞ tərəfinə çatdırılıb.
İranın tələbləri arasında ABŞ-nin İran limanlarına tətbiq etdiyi dəniz blokadasının dərhal qaldırılması, dondurulmuş İran aktivlərinin sərbəst buraxılması və Livan da daxil olmaqla “müqavimət cəbhələrində” müharibəyə son qoyulması yer alır.
“Reuters”ə danışan yüksəkvəzifəli İran rəsmisi bildirib ki, ABŞ hərbi təzyiqi azaldaraq İran limanlarına qarşı blokadanı qaldırsa, Tehran yeddi gün ərzində Hörmüz boğazını yenidən aça bilər.
Həmçinin İran nümayəndə heyətinin Nyu-Yorkda diplomatik prosesi yenidən başlatmaq üçün tam səlahiyyətə malik olduğu bildirilib.










