
Hüquqinfo.az bildirir ki,
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Beynəlxalq Elektrotexniki Komissiyanın (International Electrotechnical Commission - IEC) baş katibi və baş icraçı direktoru Filip Metzqerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Məlumata görə, görüşdə qurumun sədri Elnur Bağırov milli standartlaşdırma sisteminin inkişafı istiqamətində həyata keçirilən tədbirlər və qarşıda duran hədəflər barədə məlumat verib, Azərbaycanın IEC-ə assosiativ üzvlüyü çərçivəsində elektrotexniki standartlaşdırma fəaliyyətinin genişləndirilməsi, elektrik, elektron və əlaqəli texnologiyalar üzrə beynəlxalq standartlara inteqrasiyanın sürətləndirilməsinin əhəmiyyətini vurğulayıb.
F.Metzqer öz növbəsində Azərbaycanla elektrotexnika, enerji, rəqəmsal texnologiyalar, süni intellekt və digər innovativ sahələrdə əməkdaşlığın gücləndirilməsi və yeni tərəfdaşlıqlara dair fikirlərini bölüşüb.
Görüş keyfiyyət infrastrukturunun inkişafı, IEC standartlarının tətbiqi, qabaqcıl təcrübənin öyrənilməsi, standartlaşdırma üzrə müvafiq texniki komitələrdə iştirak imkanının, eləcə də beynəlxalq standartlaşdırma fəaliyyətində ölkəmizin rolunun artırılmasını nəzərdə tutan müzakirələrlə davam etdirilib.
IEC 170-ə yaxın ölkəni əhatə edən geniş şəbəkə vasitəsilə 30 000-dən çox beynəlxalq eksperti bir araya gətirərək elektrotexnologiya sahəsi üzrə elektrik və elektron məhsullar, o cümlədən xidmətlərə dair uyğunluğun qiymətləndirilməsi sistemlərini idarə edən aparıcı qlobal təşkilatdır. 2025-ci ildə Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun nəzdində Milli Elektrotexniki Komitə təsis edilib. Bu il yanvarın 1-dən isə Azərbaycanın IEC-də assosiativ üzvlüyü təsdiq olunub.









