
Hüquqinfo.az bildirir ki,
“Rusiya tərəfi Ermənistanın suveren hüquqlarına hörmətlə yanaşır, lakin İrəvan Avropa İttifaqı (Aİ) və ya Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında dəqiq seçim etməlidir”.
“Hüquqinfo.az” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi ənənəvi brifinq zamanı bəyan edib.
Jurnalistlər Kreml nümayəndəsindən Ermənistan Baş naziri Nikol Paşinyanın “İrəvan iki stulda oturmağa çalışmır, respublika yalnız bir stulda əyləşib” fikirlərini qiymətləndirməsini xahiş ediblər:
“Biz Ermənistanın bütün suveren hüquqlarına hörmətlə yanaşırıq, lakin bununla belə, Ermənistan Aİİ inteqrasiya prosesinin iştirakçısıdır. Tədricən başqa standartlara yönəlmək müxtəlif sahələrdə Aİİ qaydaları ilə uzlaşmayacaq.
Moskva İrəvanın “Aİİ, yoxsa Aİ” seçimini etməli olduğunu bildirərkən məhz bu ziddiyyətləri nəzərdə tutur. Aİİ üçün üzv ölkələrdən heç birinin təşkilatda qüvvədə olan prinsiplərə zidd addım atmaması həyati əhəmiyyət kəsb edir”.
Sentyabrın 23-də Rusiya Xarici İşlər Nazirliyi də Aİ-nin Ermənistanla əlaqələri inkişaf etdirmək marağının nümayişkaranə xarakter daşıdığını bəyan etmişdi. Rusiya diplomatiyası Brüsselin bu yolla yalnız Moskvaya zərər vurmaq məqsədi güddüyünü bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Rusiya Ermənistanın avrointeqrasiya prosesini maliyyələşdirməkdən imtina etmişdi.









