
Hüquqinfo.az bildirir ki,
Kosta-Rikanın keçmiş vitse-prezidenti Rebeka Qrinspan təşkilatın yeni baş katibi postu uğrunda BMT Təhlükəsizlik Şurasında keçirilən qeyri-rəsmi səsvermənin yekunlarına görə yenidən birinci yeri tutub.
"Hüquqinfo.az"un "Reuters"ə istinadən məlumatına görə, dördüncü turda onun namizədliyini Təhlükəsizlik Şurasının 10 üzvü dəstəkləyib, üçü əleyhinə çıxıb, daha ikisi isə bitərəf qalıb.
Qayananın BMT-dəki səfiri Karolin Rodriqes-Birket 8 "lehinə", 6 "əleyhinə" və 1 "bitərəf" səs toplayıb. Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi də eyni sayda dəstək səsi alıb, lakin Təhlükəsizlik Şurasının yeddi üzvü onun əleyhinə çıxıb.
Qrinspan birinci və üçüncü turlarda da liderlik edib. Avqustda keçirilən ikinci turda isə birinci yeri Rodriqes-Birket tutmuşdu.
BMT Baş katibi postu uğrunda yeddi namizəd mübarizəni davam etdirir. Təşkilatın fəaliyyətdə olan rəhbəri Antonio Quterreş 2026-cı ilin sonunda ikinci beşillik müddətini başa vuracaq.
Yekun qərarı Təhlükəsizlik Şurası qəbul etməlidir. Namizəd Təhlükəsizlik Şurasının beş daimi üzvünün - ABŞ, Çin, Rusiya, Fransa və Böyük Britaniyanın dəstəyini almalıdır. Bundan sonra namizədlik rəsmi olaraq BMT Baş Assambleyasının təsdiqinə çıxarılacaq.
Qeyri-rəsmi səsvermələr bağlı qapılar arxasında keçirilir və formal seçki hesab olunmur. Vahid namizəd müəyyənləşənə qədər daha bir neçə raundun keçiriləcəyi gözlənilir.
Əgər Qrinspan seçilərsə, o, təşkilat tarixi ərzində BMT Baş katibi postunu tutan ilk qadın olacaq.










