
Hüquqinfo.az bildirir ki,
Qətərin vasitəçiliyi ilə ABŞ və İran arasında diplomatik irəliləyişə nail olmaq üçün bu həftə aparılan danışıqlar nəticə verməyib.
Portalın mənbələrinin bildirdiyinə görə, tərəflərdən heç biri güzəştə getməyə hazır olmadığı üçün danışıqlar dalana dirənib. Mənbələr hesab edirlər ki, əhəmiyyətli irəliləyişin olmaması tərəflərin hərbi əməliyyatları bərpa etməsi riskini artıra bilər.
“Axios”un məlumatına görə, Qətər rəsmiləri diplomatik həll istiqamətində səylərini davam etdirmək niyyətindədirlər.
Sentyabrın 28-də tərəflər Qətərin İran üzərindən blokadanın götürülməsi və Tehranın nüvə məsələsində müəyyən güzəştlərə getməsini nəzərdə tutan kompromis təklifini müzakirə ediblər. Görüşdə ABŞ vitse-prezidenti Cey Di Vens də iştirak edib.
“Danışıqlar dalana dirənib. İran ABŞ-ın qəbul edə bilməyəcəyi tələblər irəli sürür, ABŞ isə üstünlük qazandığını hesab etdiyi üçün kompromisə ehtiyac görmür”, – deyə mənbə bildirib.
“Axios” digər ABŞ KİV-lərinə istinadən Prezident Donald Trampın noyabrda Konqresə aralıq seçkilərdən sonra hərbi əməliyyatların bərpası barədə göstəriş verə biləcəyini də yazıb.










