
Hüquqinfo.az bildirir ki,
Polşa xarici işlər naziri Radoslav Sikorskinin BMT TŞ-də Rusiya xarici işlər naziri Sergey Lavrovun Ukrayna ilə bağlı iddialarına cavabı dünya mediasının gündəminə çevrilib.
Axar.az xəbər verir ki, Lavrov çıxışında 2014-cü il Maydan hadisələrini (Viktor Yanukoviçin devrilməsi - red.) “qanlı çevriliş” adlandırıb və Ukraynada rus dilinin qadağan edildiyini qeyd edib.
Buna cavab olaraq Sikorski bildirib ki, 2014-cü ildə Ukraynada idi və orada heç bir qanlı çevriliş olmayıb, hər şey xalqın iradəsi idi; 10 gün əvvəl də Ukraynaya səfər edib və burada rus dilinin hələ də geniş şəkildə işləndiyini müşahidə edib:
“Rusiya Federasiyasının nümayəndələri, mən sizə bunları demək istəyirəm: Siz 12 ildən çoxdur ki, Donbası, dörd ildən çoxdur ki, Kiyevi ələ keçirməyə çalışırsınız. Sizi ÜDM-i Rusiyanın onda biri qədər olan bir ölkə - qəhrəman Ukrayna dayandırdı (əli ilə yanında əyləşən Ukrayna XİN başçısı Sibiqanı göstərir).
Amma Polşanın ÜDM-i demək olar ki, sizin ÜDM-in yarısıdır. Avropanın ÜDM-i sizinkindən 10 dəfə, NATO-nun ÜDM-i isə 25 dəfə böyükdür.
Siz hələ də çox insanı öldürə bilərsiniz, amma qalib gələ bilməzsiniz. Bu imperialist müharibəni istənilən vaxt dayandıra bilərsiniz. Avropanı və dünyanı daha da təhlükəyə atmayın. Rusiyanın gələcəyini məhv etməyi dayandırın.
Sergey (Lavrova müraciət edir - red.), mən bilirəm ki, sən qulaq asırsan, öz bosuna de: “Daha bəsdir!”





