
Hüquqinfo.az bildirir ki,
Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov "Axios" portalına bildirib ki, Kiyev və Moskva Vaşinqtonun vasitəçiliyi ilə aparılan danışıqlarda ciddi irəliləyiş əldə ediblər.
"Hüquqinfo.az"un məlumatına görə, nəşrin müxbiri Barak Ravid bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampla Nyu-Yorkda planlaşdırılan görüşü ərəfəsində Umerovla söhbət edib.
Umerov görüşün sentyabrın 22-də, çərşənbə axşamı günü baş tutmasının ehtimal edildiyini bildirib. İki ölkənin liderləri son telefon danışığı zamanı görüşmək barədə razılığa gəliblər. "Axios"un söhbətin məzmunundan xəbərdar olan mənbəsinin sözlərinə görə, Tramp Zelenskidən Rusiya ərazisindəki neft emalı zavodlarına hücumları dayandırmasını "dəfələrlə xahiş edib".
Umerov isə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun yaxşı iş gördüyünü qeyd edib. Onun sözlərinə görə, tərəflər vaxt itirmir və diqqətlərini həll yollarının axtarışına yönəldiblər.
"Danışıqlarda ciddi irəliləyiş əldə olunub. Xüsusilə fikir ayrılıqlarının sayı onlarla məsələdən danışıqların əsas mövzusu olaraq qalan bir-iki məsələyə qədər azalıb", – deyə Umerov bildirib.
"Axios"un yazdığına görə, görüş Trampın Rusiyaya qarşı sanksiyalar haqqında qanunu imzalamasından və vəzifəyə gəldikdən sonra ABŞ ilə Ukrayna arasında ən böyük silah tədarükü sazişini təsdiqləməsindən bir neçə gün sonra keçiriləcək. Nəşrin məlumatına görə, Ukrayna bu iki addımı bir neçə ay ərzində ABŞ-dan tələb edib.










