
Hüquqinfo.az bildirir ki,
Lənkəranın ucqar dağ kəndi Alazəpində yaşayan şəhid atası Teymur Hadiyev Vətən müharibəsi və antiterror tədbirlərində şəhid olan qəhrəmanların xatirəsini yaşatmaq üçün nümunəvi addım atıb.
“Hüquqinfo.az” xəbər verir ki, o, oğlunun şəhadətindən sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin fotolarını toplamağa başlayıb.
Şəhid atası üç mindən çox şəhidin fotosunu toplayaraq yaşadığı evin divarında xüsusi xatirə guşəsi yaradıb.
Bu guşə artıq onun üçün sadəcə fotolardan ibarət lövhə deyil. Burada Azərbaycanın müxtəlif bölgələrindən olan şəhidlərin xatirəsi yaşadılır, onların adları və simaları gələcək nəsillərə əmanət edilir.
Qeyd edək ki, T. Hadiyevin oğlu Raqim Teymurov Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq hərbi komissarlığa müraciət edib. Füzuli, Cəbrayıl və Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak edən Raqim noyabrın 4-də Qubadlıda şəhid olub.
O, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.










