
Hüquqinfo.az bildirir ki,
Bakı sakini mülkiyyətçisi olduğu evin məhkəmə hakimi tərəfindən zorla əlindən alındığını iddia edir.
“Hüquqinfo.az” xəbər verir ki, bu şikayətlə Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsi 27 ünvanında yaşayan Riyad Kərimov “Xəzər Xəbər”ə müraciət edib.
O bildirib ki, 70 ildən artıq atasının və özünün məskunlaşdığı evə 2011-ci ildə rəsmi qaydada çıxarış əldə edib. O, çıxarışı əldə edərkən məlum olub ki, ev 1998-ci ildə Appelyasiya Məhkəməsinin hakimi Xumar Mərdanovaya bağışlanılıb. Şikayətçi bildirir ki, evinin ondan əlavə digər şəxsə bağışlanılmasından məlumatsız olub. Məsələnin həll olunması ilə bağlı məhkəmə həyata keçirilsə də, Xumar Mərdanova prosesdə iştirak etməyib və evə dair iddiası olmadığını bildirib.
R.Kərimovun sözlərinə görə, həmin ev yeni bina tikintisi məqsədilə plana düşüb. Elə bundan sonra da Xumar Mərdanova 2023-cü ildən evi əldə etmək üçün iddia qaldırıb və qısa müddət ərzində onlara evdən çıxmalı olduqları bildirilib.
Səsləndirilən iddialarla bağlı Xumar Mərdanovanın vəkili Vasif Hüseynov bildirib ki, sözügedən mübahisəli əmlak 1947-ci ildə Püstə Həsənovanın mülkiyyətində olub: “Həmin əmlakı 1999-cu ildə yaxın qohumu Xumar Mərdanovaya notarial qaydada bağışlama müqaviləsi əsasında bağışlayıb. Fərdi yaşayış evinə Xumar xanımın mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyesterində qeydə alınmaqla, müvafiq çıxarışla rəsmiləşdirilib”.
Vəkil həmçinin qeyd edib ki, şikayətçi ailəyə evin dəyərindən artıq kompensasiya təklif olunub.










