
Hüquqinfo.az bildirir ki,
Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Kanadaya səfəri çərçivəsində Kanada parlamentinin Xarici İşlər və Beynəlxalq İnkişaf Komitəsinin sədri Əhməd Hüseyn ilə Cənubi Qafqaz regionundakı vəziyyət və təhlükəsizlik məsələlərini müzakirə edib.
"Hüquqinfo.az"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüşdə Gürcüstan və Kanada arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın gündəliyindəki aktual məsələlər, siyasi və ticarət-iqtisadi əlaqələrin inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.
Tərəflər iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın genişləndirilməsinin, eləcə də parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin möhkəmləndirilməsində rolunu qeyd ediblər.
Görüşdə regionda mövcud vəziyyət və təhlükəsizlik məsələləri ilə yanaşı, Gürcüstanın Avropa ilə Asiya arasında körpü rolunun əhəmiyyəti müzakirə olunub. Regionda mövcud çağırışlar fonunda beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlığın vacibliyi vurğulanıb.
Tərəflər Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyin vacibliyini də qeyd ediblər.









