
Hüquqinfo.az bildirir ki,
“Formula-1” 2027-ci il mövsümündən etibarən Qran-pri yarışlarının maksimum məsafəsinin 305 kilometrdən 290 kilometrə endiriləcəyini açıqlayıb.
“Hüquqinfo.az” xəbər verir ki, yeni qaydalar yağış və ya insidentlər səbəbindən dayandırılan və ya təxirə salınan yarışlara da şamil ediləcək.
Qran-pri yarışları maksimum iki saat davam edə bilər. Lakin yağış və ya qəza səbəbindən fasilə yarandıqda, yarışın başa çatdırılması üçün mövcud olan maksimum üç saatlıq müddət əvəzinə “qəti bitmə vaxtı” tətbiq olunacaq.
“Formula-1”in idarəedici qurumu FIA bildirib ki, dəyişikliklər fasilələr zamanı tamaşaçıların yarışın mümkün qədər tam hissəsini izləyə bilməsini təmin etmək məqsədi daşıyır.
“Qəti bitmə vaxtı” yarışın keçirildiyi şəraitə uyğun olaraq dəyişəcək. Məsələn, gecə keçirilən yarışlarda yarışın daha gec saatlara qədər davam etməsinə icazə veriləcək. Gündüz yarışlarında isə günəşin daha tez batması səbəbindən bu imkan daha məhdud olacaq.
Yarış məsafəsinin azaldılması daxili yanma mühərrikinin gücü ilə elektrik enerjisinin gücü arasındakı nisbətin dəyişməsi ilə əlaqələndirilir. Bu il nisbət 53-47 olduğu halda, gələn il 58-42-yə, 2028-ci ildə isə 60-40-a çatacaq.
Bu dəyişiklik bolidlərin daha çox yanacaq sərf etməsi ilə nəticələnəcək. Bəzi komandaların xərclərə qənaət etmək məqsədilə şassilərini növbəti mövsümə daşımaq istəməsi fonunda bu məsələ narahatlıq yaradıb.
Yanacaq çəni şassinin daxilində yerləşdiyindən onun ölçüsünü dəyişmək mümkün deyil. Buna görə də bəzi komandaların mövcud yanacaq çənləri ilə Qran-pri yarışlarını tamamlaya bilməyəcəyi ilə bağlı narahatlıq yaranıb.
F1 Komissiyasının komandalar, FIA və “Formula-1”dən ibarət iclasında başqa bir dəyişiklik də razılaşdırılıb. Yeni qayda sərbəst yürüş sessiyaları dayandırıldığı zaman onların müddətinin uzadılması üçün daha çox çeviklik yaradacaq.
Mövcud qaydalara əsasən, sıralama turları və yarışlardan fərqli olaraq, məşq sessiyalarında insident səbəbindən qırmızı bayraq qaldırıldıqda vaxtın hesablanması dayandırılmır.










