
Hüquqinfo.az bildirir ki,
Vaxtilə Əmir Səədin rəhbərlik etdiyi Çuxursəəd torpaqları Baharlıların və Bayandurların hakimiyyətindən sonra Səfəvilərin tərkibinə daxil olmuşdu. Səfəvilər dövründə isə bu ərazi Çuxursəəd bəylərbəyliyi adı ilə tarixə keçmişdi. Səfəvi dövləti yarandığı ilkin dövrdə ərazilərinin sərhədlərini qorumaq üçün müxtəlif qalalar salmaq siyasəti yürüdürdü. Bu baxımdan Səfəvi hökmdarı I Şah İsmayıl hələ 1504-cü ildə vəziri Rəvanqulu xana Zəngiçayın sahilində, indiki İrəvan şəhərinin yerində qala tikməyi tapşırmışdı. Qalanın inşası təxminən yeddi il çəkmişdi.
Bu sözləri Axar.az-a açıqlamasında tarixçi Boran Əziz İrəvan qalasının tarixi haqqında danışarkən deyib.
“Həmin dövrdə Çuxursəəd bəylərbəyliyi ərazisində çox tanınmış üç əsas qala olmuşdur. Bu qalalar arasında müdafiə istehkamı baxımından ən əhəmiyyətlisi məhz İrəvan qalası idi. Vəzir Rəvanqulunun adından götürüldüyü bildirilən bu ad sonradan tarixi ədəbiyyata “İrəvan” kimi daxil oldu. Qalanın daxilində sonradan səkkiz məscid və 800-dən çox ev oldu. Tarixi mənbələrdə, o cümlədən Həsən bəy Rumlunun yazdığı “Əhsənüt-təvarix” və İsgəndər bəy Münşinin “Tarix-i aləmara-yi Abbasi” əsərlərində qalanın daxilində azərbaycanlıların yaşadığı, ermənilərin isə müxtəlif dövrlərdə bura ticarət məqsədilə gəldiyi qeyd edilir.
Müxtəlif dövrlərdə bu qalaya səfər etmiş səyyahlar, o cümlədən tanınmış türk səyyahı Övliya Çələbi və Avropa səyyahları qala, onun əzəməti, müdafiə quruluşu, məscidləri, hamamları və digər tikililəri barədə geniş məlumat veriblər. Qala zaman-zaman müxtəlif müharibələr, o cümlədən Səfəvi-Osmanlı müharibələri zamanı dağıntılara məruz qalsa da, sonradan bərpa edilib. Xüsusilə müdafiə istehkamı baxımından əhəmiyyəti Rusiya-Qacar müharibələri dövründə özünü göstərib. Rus qoşunları dəfələrlə cəhd göstərsələr də, uzun müddət qalanı ələ keçirə bilməmişdilər.
Qalada ilkin dövrdən Qacarlar, Ustaclılar, qısa müddət ərzində isə Əfşarlar hakimlik ediblər. Xanlıqlar yarandıqdan sonra İrəvan qalası İrəvan xanlığının mərkəzinə çevrildi. Bu ərazinin idarəçiləri və xanlığın hakimləri Azərbaycan türkləri olub. Qalanın daxilində böyük tarixi və memarlıq əhəmiyyətinə malik çoxsaylı tikililər yerləşirdi. Qalanın Azərbaycan memarlığı üslubunda tikildiyi bildirilir. Onun uzunluğu təxminən 900 metr olmuş, daş və çiy kərpicdən inşa edilmişdir.
O dövrdə buraya gələn Avropa səyyahlarının yazdıqlarına görə, qala divarları kifayət qədər qalın olub və bəzi hallarda top atəşinə belə davam gətirib. Qalanın hündürlüyü bir çox yerdə 10 metrə çatırdı və burada 17-dən çox bürcün olduğu qeyd edilir. İrəvan qalası müdafiə istehkamı baxımından Şərq memarlığı üslubunda inşa edilmiş tipik qala nümunələrindən biri olub. Qaladaxili şəhərsalma da Azərbaycan şəhərlərinin ənənəvi quruluşuna uyğun şəkildə formalaşdırılmışdı.
Qalada bir neçə məscid mövcud olub. Onlardan ən qədiminin 1510-cu ildə tikildiyi qeyd edilir. İsgəndər bəy Münşinin əsərindən məlum olur ki, I Şah Abbasın hakimiyyəti dövründə də qala ərazisində, Sərdar sarayının yaxınlığında Cümə məscidi tikilib. Digər Şərq qalalarında olduğu kimi, uzunmüddətli mühasirələrə tab gətirmək üçün İrəvan qalasının daxilində su kəməri də mövcud idi. Qalanın iki əsas darvazasının – Şirvan və Təbriz darvazalarının olduğu qeyd edilir.
İrəvan qalası 1827-ci ilin oktyabrında uzunmüddətli mühasirədən sonra rus qoşunları tərəfindən ələ keçirilib. Qalanın işğalı Rusiya üçün böyük əhəmiyyət daşıyırdı. Bu səbəbdən qalanı ələ keçirən rus generalı İvan Paskeviçə “İrəvanski” titulu verilmiş, hadisə münasibətilə çar sarayında təntənəli mərasim keçirilmiş və toplardan yaylım atəşi açılmışdır. Eyni zamanda, I Nikolayın həmin hadisəni öz dualarında ayrıca qeyd etdiyi bildirilir”, - tarixçi bildirib.
Alim vurğulayıb ki, qalanın dağıdılması əsasən 1918-ci ildə, İrəvanın ermənilərə paytaxt olaraq verilməsindən sonraya aiddir. Ermənilər bu qalanı dağıtmaqla, İrəvanın tarixini silməyə çalışıblar.





