










Hüquqinfo.az bildirir ki,
Azərbaycanda toxumluq əkin sahələrində 5 mindən çox parsel üzrə yoxlamalar həyata keçirilib.
"Hüquqinfo.az" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən "Toxumçuluqda yeni dövr: Yerli toxum, etibarlı təminat" adlı konfransda bildirib.
Onun sözlərinə görə, toxumçuluq kənd təsərrüfatının dayanıqlı inkişafında, ölkəmizin ərzaq təhlükəsizliyinin etibarlı təmin olunmasında müstəsna və əvəzolunmaz rola malikdir: "Məhz bu baxımdan, son illərdə Respublika üzrə toxumçuluq sektorunun modernləşdirilməsi, innovativ texnologiyaların tətbiqi və yerli toxumçuluq bazasının gücləndirilməsi istiqamətində sistemli islahatlar həyata keçirilir. Bu sahədə institusional və hüquqi çərçivənin təkmilləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş "Toxumçuluq haqqında" yeni qanun mühüm tarixi mərhələ təşkil edir. Müasir çağırışlar, beynəlxalq təcrübə və aqrar sektordakı innovativ meyllər nəzərə alınmaqla hazırlanan bu Qanun toxumçuluqda çevik idarəetmənin, şəffaf dövlət tənzimlənməsi və nəzarəti mexanizmlərinin bərqərar olmasına imkan yaradır. Əsas məqsədimiz fermerlərimizin yerli toxumun keyfiyyətinə etimadını daha da möhkəmləndirmək, bazar iştirakçıları üçün rəqabətqabiliyyətli və aydın fəaliyyət mühiti formalaşdırmaqdır".
Bununla yanaşı, dövlət başçısının 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" atoxumçuluğun inkişafında keyfiyyətcə yeni mərhələ açır. Proqram hüquqi və institusional bazanın gücləndirilməsi, seleksiya işlərinin genişləndirilməsi və yeni seleksiya proqramlarının həyata keçirilməsi, keyfiyyətə nəzarətin tam rəqəmsallaşdırılması kimi kompleks tədbirləri nəzərdə tutur. Dövlət proqramının prioritetlərinə uyğun olaraq yeni dəstək mexanizmləri tətbiq edilir. Belə ki, ilk dəfə olaraq super elit toxum əkilən sahələrə subsidiyalar artımla hesablanacaq, kənd təsərrüfatı texnikasının əldə olunmasında güzəşt faizi isə 50 %-ə qədər yüksəldiləcək.
Sertifikatlı toxum bazarının formalaşdırılması istiqamətində tədbirlər ardıcıl şəkildə davam etdirilir. Əgər 2025-2026-cı əkin ilində əkin bəyanı zamanı buğda üzrə minimum 10 hektar, arpa üzrə 100 hektar sahə üçün sertifikatlaşdırılmış toxum tələbi qoyulmuşdusa, artan yerli istehsal həcmləri nəzərə alınaraq növbəti əkin ilində bu göstərici 5 hektara qədər azaldılıb", - deyə nazir əlavə edib.
O, həmçinin qeyd edib ki, toxumçuluq, sertifikatlaşdırma və laboratoriya xidmətlərinin müasir tələblərə uyğun təkmilləşdirilməsi də xüsusi diqqətdə saxlanılır: "BMT-in Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə icra edilən layihə çərçivəsində "Aprobasiya" tətbiqi yaradılıb, toxum sertifikatlaşdırılması və sahə nəzarəti prosesləri tam rəqəmsallaşdırılıb. Respublika üzrə toxumluq əkin sahələrində ümumi 48 mindən çox hektar ərazidə aprobasiya prossesi təşkil edilib, 5 mindən çox parsel üzrə yoxlamalar həyata keçirilib".
"Mərkəzi və regional toxum laboratoriyalarının beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması istiqamətində mühüm işlər görülüb, Mərkəzi Laboratoriya modernləşdirilərək beynəlxalq standartlara cavab verən müasir avadanlıqlarla təchiz edilib. Ölkənin torpaq laboratoriyaları GLOSOLAN şəbəkəsinin peşəkarlıq sınaqlarını uğurla başa vuraraq analizlərin dəqiqliyi və etibarlılığı üzrə beynəlxalq tələblərə uyğun nəticələr nümayiş etdirib", - M.Məmmədov vurğulayıb.








