
Hüquqinfo.az bildirir ki,
Azərbaycan Kubokunun final oyununun Gəncə şəhər stadionuna salınmasının səbəbi açıqlanıb.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov jurnalistlərə açıqlama verib.
"Azərbaycan Kubokunun finalı Gəncədə baş tutacaq. Biz Premyer Liqa oyunları bu arenaya gəlməzdən əvvəl təftiş və sınaq xarakterli oyun keçirmişdik. Bundan əlavə, stadionun bütün otaqları, infrastruktur obyektlərinə baxış olub. Sevindirici haldır ki, Gəncə kimi tarixi şəhərimizdə belə stadion var. Hiss olunur ki, son bir ayda bu şəhərdə futbol bayramı yaşanır. Çempionat matçlarına çox sayda azarkeş gəlir. Peşəkar Futbol Liqası finalın bu arenada olması təklifi ilə çıxış etdi. AFFA prezidenti Rövşən Nəcəfin qərarı, gənclər və idman naziri Fərid Qayıbovun dəstəyi ilə Azərbaycan Kubokunun finalını bu möhtəşəm arenada keçirəcəyik. Bu futbolsevərlər üçün bayram olacaq.
Son illərdə bir neçə stadion Azərbaycan Kubokunun finalına ev sahibliyi edib. Bütün stadionlar bizim üçün potensial namizəd idi. Amma Gəncədəki stadionunun xüsusi özəlliyi var. Tarixi məkandır, həm də yenidənqurmadan sonra belə qlobal matçın burada baş tutması maraqlı olacaq".
Qeyd edək ki, Azərbaycan Kubokunda 34 komanda iştirak edəcək. 1/4 finala qədər qalib bir oyunun nəticəsinə əsasən müəyyənləşəcək. Daha sonra ev-səfər prinsipi tətbiq olunacaq.
Azərbaycan Kubokunun final matçı 2027-ci il mayın 12-də Gəncə stadionunda təşkil olunacaq.








