
Hüquqinfo.az bildirir ki,
FIFA prezidenti Canni İnfantino idarəetmə tərzinə və qərar qəbuletmə proseslərinə yönələn tənqidlər fonunda üzv federasiyalarla məsləhətləşmələr aparılmasını və islahatların həyata keçirilməsini təklif edib.
“Hüquqinfo.az” “Reuters”ə istinadən xəbər verir ki, İnfantino 211 üzv federasiyaya və FIFA Şurasına göndərdiyi məktubda konfederasiyalar, üzv federasiyalar və digər maraqlı tərəflərlə birbaşa, strukturlaşdırılmış və vaxt məhdudiyyətli məsləhətləşmə mexanizminin yaradılmasını təklif edib.
O bildirib ki, təkliflər institusional proseslərə daha erkən iştirak, prezident, Büro, Şura və Konqres arasında məsuliyyət bölgüsü, həmçinin əsas strateji təşəbbüslərdə şəffaflıq, iştirak və hesabatlılığın gücləndirilməsini əhatə edəcək.
İnfantino ilkin təkliflərin oktyabrın 15-də keçiriləcək FIFA Şurasının iclasında müzakirə olunmasını istəyib.
“Gələn ay FIFA Şurasının iclası var və bu vacib məsələlər üzrə dialoqu davam etdirəcəyik. Bir-birimizə qulaq asmaq və hörmət etmək mədəniyyəti yaradılmalıdır”, - İnfantino bildirib.
Qeyd edək ki, İnfantinonun idarəçiliyinə yönələn tənqidlər iyulun sonunda gündəmə gələn dünya çempionatının kommersiya hüquqları ilə bağlı planın ardından daha da artıb.
Layihəyə əsasən, DÇ-dəki 20 faizlik kommersiya payının özəl investorlara 4,2 milyard dollara satılması və DÇ ilə Klublararası Dünya çempionatının idarə olunması üçün “FIFA Forward Enterprise” adlı kommersiya şirkətinin yaradılması nəzərdə tutulurdu.
FIFA sentyabrın əvvəlində İnfantinonun gələn ilin martında keçiriləcək prezident seçkilərində yenidən namizəd olacağını açıqlayıb. Hazırda yeganə namizəd olan İnfantinoya KONKAKAF prezidenti Viktor Montalyaninin rəqib olması gözlənilir.










