
Hüquqinfo.az bildirir ki,
Albaniyanın Baş naziri Edi Rama 2030 Gündəliyinə və Avropa İttifaqına (Aİ) inteqrasiyaya sadiqliyini bir daha təsdiqləyib.
"Hüquqinfo.az"un Balkan bürosu xəbər verir ki, Rama BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) icrasına həsr olunmuş 2026-cı il "SDG Moment" yüksək səviyyəli tədbiri çərçivəsində yayımlanan videomüraciətində bu iki istiqaməti Albaniyanın transformasiyasının vahid yolu kimi xarakterizə edib.
Baş nazir bildirib ki, 2018-ci ildən etibarən ölkədə yoxsulluq səviyyəsi 23,7 faizdən 19 faizə düşüb, körpə ölümü iki dəfə azalıb və dövlət xidmətlərinin 95 faizindən çoxu hazırda onlayn təqdim olunur.
"Elektrik enerjisinin, demək olar ki, hamısı bərpa olunan enerji mənbələrindən istehsal edilir. Qadınlar parlamentin 35 faizini, hökumət kabinetinin isə təxminən 50 faizini təşkil edir", – Rama deyib.
Onun sözlərinə görə, Albaniya 2026-cı il Dayanıqlı İnkişaf Məqsədləri İndeksində dünya üzrə 44-cü yerdə qərarlaşıb.
E. Rama transformasiyanı sürətləndirmək məqsədilə Albaniyanın Dayanıqlı İnkişaf Məqsədlərinin Sürətləndirilməsi Fonduna 6 milyon ABŞ dolları ayırdığını açıqlayıb.
O bildirib ki, vəsait uşaq müdafiəsi, bizneslərin Aİ-nin vahid bazarına hazırlanması, yerli icmaların canlandırılması, həmçinin mütəşəkkil cinayətkarlıq və korrupsiya ilə mübarizəyə yönəldiləcək.
Albaniyanın Baş naziri həmçinin ölkəsinin 2027–2031-ci illəri əhatə edən yeni BMT Əməkdaşlıq Çərçivəsini imzaladığını bildirib.





