
Hüquqinfo.az bildirir ki,
Azərbaycanın 2023-cü ilin sentyabrında Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində regionda yaranan yeni reallıqlar Cənubi Qafqazda sabitlik və sülh prosesinin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.
Bubnu "Hüquqinfo.az"un yerli bürosuna açıqlamasında Gürcüstanın Terrorizm və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Badri Naçkebiya bildirib.
Onun sözlərinə görə, Azərbaycan uzun illər davam edən proseslər nəticəsində öz ərazi bütövlüyünü bərpa edib.
"Biz Azərbaycanda gedən proseslərə və orada baş verən tarixi hadisələrə böyük diqqət yetirməliyik. Bu proseslər, nəhayət, Azərbaycanı öz ərazi bütövlüyünü bərpa etməyə gətirib çıxarıb", - politoloq bildirib.
Politoloqun fikrincə, Qarabağda vəziyyətin dəyişməsi yalnız Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün əhəmiyyətlidir:
"Cənubi Qafqaz vahid bir orqanizmdir. Haradasa yanğın varsa, qonşuluqdakı həmin yanğın sizə də keçə bilər".
Onun sözlərinə görə, region ölkələrindən hər hansı birinin separatizm problemi ilə üzləşməsi yalnız həmin dövlət üçün deyil, digər qonşu respublikalar və bütövlükdə Cənubi Qafqaz üçün də mənfi nəticələr yarada bilər.
Gürcü ekspert Azərbaycanın lokal xarakterli antiterror tədbirlərinə başlamazdan əvvəl məsələni sülh yolu ilə həll etmək üçün diplomatik səylər göstərdiyini də xatırladıb:
"Azərbaycan diplomatiyası və ölkə rəhbərliyi dəfələrlə bu məsələnin sülh yolu ilə həll olunmasını təklif edib. Mən düşünürəm ki, qan tökülməsini önləmək üçün Azərbaycanın təcrübəsini nəzərə almaq lazımdır".
Politoloq hesab edir ki, 2023-cü ilin sentyabrında baş verən hadisələrdən sonra Qarabağ məsələsində yeni mərhələ başlayıb və bu, Azərbaycan-Ermənistan münasibətlərində sülh prosesinin irəliləməsi üçün şərait yaradıb:
"Azərbaycan ərazi bütövlüyünü bərpa edib və Qarabağ problemini bağlayıb. Bu, regionda sabitliyin təmin olunmasına, Azərbaycan əhalisinin və sərhədlərinin artıq təhlükə ilə üz-üzə qalmamasına şərait yaradıb və proseslərin sülhün təmin olunması istiqamətində inkişafına imkan verib".
"Hazırda biz sülh prosesinin getdiyini görürük. Azərbaycan və Ermənistan arasında danışıqlar aparılır və ümid edirəm ki, yekun sülh əldə olunacaq. Bundan sonra isə növbə Cənubi Qafqazın digər bölgələrindəki məsələlərə çatacaq. Məqsəd separatçı ocaqların aradan qaldırılması və bütün regionda uzunmüddətli sülhün bərqərar olmasıdır", - politoloq sözlərini yekunlaşdırıb.










