










Hüquqinfo.az bildirir ki,
London Fond Birjası Azərbaycan şirkətləri üçün beynəlxalq investisiya icmasına çıxış qapısı rolunu oynaya bilər.
“Hüquqinfo.az-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində panel müzakirəsində London Stock Exchange Group-un (LSEG) ilkin bazarlar üzrə Avropa rəhbəri Ayuna Nechaeva bildirib.
Ayuna Nechaeva region ölkələrinə beynəlxalq investorların marağının yüksək olduğunu qeyd edib. Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələrində iqtisadi artım, insan kapitalı, təhsilli əhali və əhəmiyyətli həcmdə kapital mövcuddur.
Ayuna Nechaeva beynəlxalq kapital bazarlarına çıxışın imkanlarını konkret nümunə ilə izah edərək, bu il London Fond Birjasında həyata keçirilən iri IPO-lardan birinə toxunub. Onun sözlərinə görə, sözügedən yerləşdirmə zamanı təxminən 700 milyon ABŞ dollarına ekvivalent vəsait cəlb olunub. İlkin olaraq təxminən 500 milyon ABŞ dolları cəlb edilməsi planlaşdırılsa da, yüksək investor tələbi əməliyyatın həcminin artırılmasına imkan verib.
Ayuna Nechaeva vurğulayıb ki, Azərbaycan və digər region ölkələrinin iqtisadi strukturları fərqli olsa da, beynəlxalq investorların regiona marağı üçün ciddi potensial mövcuddur.
“London Fond Birjası Azərbaycan şirkətləri üçün beynəlxalq investisiya icmasına çıxış qapısına çevrilə bilər”, – Ayuna Nechaeva qeyd edib.




